Almaniya yığması tarix yazaraq AvroBasket-2025-in qalibi oldu. “Arena Riga”da (Latviya) keçirilən final matçında Almaniya Türkiyəni 88:83 hesabı ilə məğlub etdi.
Türkiyə 90 illik turnir tarixində ikinci dəfə gümüş medal qazandı. Xatırladaq ki, daha öncə Türkiyə millisi 2001-ci ildə doğma meydanda keçirilən turnirin finalında məğlub olmuşdu.
Qeyd edək ki, bu, Almaniyanın AvroBasket tarixində 4-cü medalıdır: 1993-cü il qızıl, 2005-ci il gümüş, 2022-ci il bürünc və 2025-ci il qızıl.
Çox gərgin keçən final oyununda Almanlar ilk periodu 24:22 hesabı ilə öndə bitirsələr də, ikinci period türklərin üstünlüyü ilə bitdi – 46:40. Üçüncü periodda Türkiyə Şengün və Larkinin liderliyi ilə qələbə qazanmağa çalışsalar da, Almaniya dördüncü periodda Şröderin liderliyi sayəsində üstünlüyü ələ aldı və tarixi qələbəni rəsmiləşdirdi.
Qeyd edək ki, turnirin bürünc medalını Yunanıstan qazanıb. Onlar Finlandiyanı 92:89 hesabı ilə məğlub ediblər.