Seneqal Prezidenti Bassiru Diomay Fay Afrika Millətlər Kubokunda qazanılan çempionluq münasibətilə milli komandanın üzvlərini möhtəşəm hədiyyələrlə mükafatlandırıb. Turnirin finalında Seneqal yığması Mərakeş komandasına əlavə vaxtda 1:0 hesabı ilə (əsas vaxt – 0:0) qalib gələrək kuboku başı üzərinə qaldırıb.
Prezident komandanın şərəfinə təşkil olunan mərasimdə futbolçulara xitabən deyib: «Siz intizam və qarşılıqlı hörmət nümayiş etdirərək qalib gəldiniz, kimin şərəfini qoruduğunuzu bir an belə unutmadınız. Mən hər bir “şirə”yə (milli komandanın ləqəbi – “Teranqa Şirləri”) 75 milyon Afrika frankı (təxminən 115 min avro) və “Kiçik Sahil” (Petite-Cote) bölgəsində 1500 kvadratmetr torpaq sahəsi ayırdım».
Mükafatlar kimlər arasında necə bölünüb?
Dövlət başçısı təkcə futbolçuları deyil, bütün nümayəndə heyətini diqqətdə saxlayıb:
Futbolçular: 75 mln frank pul mükafatı və 1500 m² torpaq
Seneqal Futbol Federasiyasının rəsmiləri: 50 mln frank (təxminən 76 min avro) və 1000 m² torpaq;
Nümayəndə heyətinin digər üzvləri: 20 mln frank (təxminən 30,5 min avro) və 500 m² torpaq;
İdman Nazirliyinin əməkdaşları: Onlar üçün ümumilikdə 305 milyon frank (təxminən 465 min avro) məbləğində bonus fondu ayrılıb.Qeyd edək ki, mükafat olaraq verilən torpaq sahələrinin yerləşdiyi “Kiçik Sahil” (Petite-Côte) bölgəsi Seneqalın ən məşhur dənizkənarı kurort zonası hesab olunur.