Emeri tarix yazdı, Tiaqo Silva rekord qırdı
Avropa kuboklarında növbəti oyun günü futbolsevərlərə unudulmaz anlar bəxş etdi. Bəzi favoritlər öz statuslarını qorusa da, qırmızı vərəqələr, son dəqiqə qolları və tarixi rekordlar gecənin əsas ssenarisini təşkil etdi. Unay Emerinin “Aston Villa”dakı yubiley qələbəsi və 41 yaşlı Tiaqo Silvanın rekordu tarixin yaddaşına həkk olundu.
Gecənin ən çox danışılan matçlarından biri Almaniyada baş tutdu. “Ştutqart” və “Portu” arasındakı qarşılaşma həm qolları, həm də gərginliyi ilə seçildi. Qonaqlar Terem Moffi və Rodriqo Moranın qolları ilə iki top fərqi ilə önə keçsələr də, Dəniz Undav ilk hissənin sonunda fərqi minimuma endirərək intriqanı bərpa etdi.
Lakin bu matçın əsas hadisəsi meydandakı nəticədən daha çox, statistik göstərici idi. “Portu”nun 41 yaşlı braziliyalı müdafiəçisi Tiaqo Silva, turnir tarixində debüt edən ən yaşlı meydan oyunçusu kimi adını tarixə yazdırdı. İkinci hissədə almanların bərabərlik qolu ofsayd səbəbindən ləğv edildi və portuqallar çətin səfərdən 2:1 hesablı qələbə ilə döndülər.
İngiltərənin “Aston Villa” klubu Fransada “Lill” səfərində minimal hesablı (1:0) qələbəyə sevindi. Matçın taleyini 61-ci dəqiqədə uzun müddətdir qol həsrətində olan Olli Uotkins həll etdi.
Bu qalibiyyət baş məşqçi Unay Emeri üçün xüsusi əhəmiyyət kəsb edirdi. İspaniyalı mütəxəssis “Aston Villa”nın başında 100-cü qələbəsini bayram etdi. Cəmi 181 oyunda bu göstəriciyə çatan Emeri, klub tarixində bu həddə ən sürətli çatan məşqçi kimi rekord qırdı.
İspaniya təmsilçiləri üçün bu gecə heç də uğurlu keçmədi. “Betis” və “Panatinaikos” matçında üstünlük ispanlarda olsa da, ardıcıl qırmızı vərəqələr hər şeyi alt-üst etdi. Zaruri və Lyorentenin meydandan qovulmasından sonra Visente Taborda penaltini dəqiq yerinə yetirərək yunanlara 1:0 hesablı dramatik qələbə qazandırdı.
Bənzər ssenari “Selta”nın da başına gəldi. Xavi Ruedanın qolu ilə önə keçən ispanlar, Borxa İqlesiasın qırmızı vərəqəsindən sonra azlıqda qaldılar. Təzyiqi artıran “Lion” 88-ci dəqiqədə gənc istedadı Endrikin möhtəşəm uzaq məsafəli zərbəsi ilə bərabərliyi (1:1) təmin etdi.
“Nottingem Forest” – “Midtyullann oyununda ingilislər oyuna tam dominantlıq etsələr də, dirəklər və rəqib qapıçı keçilməz oldu. Ço Qu-Sonun 80-ci dəqiqədəki qolu danimarkalılara sürpriz qələbə gətirdi.
“Bolonya” – “Roma” qarşıaşmasında Lorenso Pelleqrini 71-ci dəqiqədə vurduğu qolla paytaxt təmsilçisini məğlubiyyətdən xilas etdi.
“Genk” – “Frayburq” görüşündə almanlar hücumda olduqca dişsiz göründü və 90 dəqiqə ərzində qapıya cəmi bir zərbə endirə bildi.
Topa sahib olma statistikasında geridə qalsa da, effektli hücumları ilə seçilən “Ferentsvaroş”, “Braqa” üzərindəki 2:0 hesablı qələbə ilə cavab oyunu öncəsi əhəmiyyətli üstünlük əldə etdi.
Avropa Liqası, 1/8 final, ilk oyunlar
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya) 1:1
Bernardeski, 51 – Pelleqrini, 71.
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) 0:1
Uotkins, 61.
“Ştutqart” (Almaniya – “Portu” (Portuqaliya) 1:2
Undav, 40 – Moffi, 21. Mora, 27.
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya) 1:0
Taborda, 88.
“Selta” (İspaniya) – “Lion” (Fransa) 1:1
Rueda, 25 – Endrik, 88
“Nottinqem Forest” (İngiltərə) – “Mityulland” (Danimarka) 0:1
Ço Xe-son, 80
“Genk” (Belçika) – “Frayburq” (Almaniya) 1:0
Əl Uaxdi, 24
“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya) 2:0
Kaniçovski, 32. Cozef, 69.