Çempionlar Liqasının 1/8 final mərhələsinin pərdəsi İstanbulda açıldı. Viktor Osimhenin gəlişi ilə gücünə güc qatan “Qalatasaray” öz meydanında “Liverpul”u bu mövs2üm ikinci dəfə məğlub etdi. Premyer Liqa ilə müqayisədə Avropada daha inamlı təsir bağışlayan “qırmızılar” üçün “Rams Park” cəhənnəmi heç də asan keçmədi. Artıq 7-ci dəqiqədə künc zərbəsindən sonra Qabriel Saranın ötürməsini Viktor Osimhen başla qapı ağzına endirdi. Müdafiəçilərin baxışları altında Mario Lemina yaxın məsafədən topu tora qovuşduraraq hesabı açdı. “Liverpul”u böyük hesablı məğlubiyyətdən Giorgi Mamardaşvili xilas etdi. Gürcü qolkiper azı iki epizodda komandasını qoldan xilas etdi. İbrahima Konatenin müdafiədəki kobud səhvi isə az qala matçın taleyini həll edəcəkdi. Osimhen qapıçı ilə təkbətək çıxsa da, zərbəsi çərçivədən bir qədər yuxarı keçdi. İkinci hissədə “Liverpul”un təzyiqi artdı. Amma “Qalatasaray” intizamlı oyunu ilə rəqibə boşluq vermədi.
“Bavariya” turnirin əsas favoriti statusunu bir daha təsdiqlədi. Vensan Kompaninin yetirmələri Berqamoda yerli “Atalanta”ya heç bir şans qoymadı. Əsas qol silahı Harri Keynin ehtiyatda qalmasına baxmayaraq, “alman maşını” hücumda qarşısıalınmaz oldu – 6:1. Bu darmadağınla “Bavariya” cavab matçı öncəsi 1/4 finalın qapısını tamamilə açıb.
Madriddə isə “Atletiko” doğma divarlar arasında İqor Tudorun baş məşqçisi olduğu London təmsilçisinə əsl futbol dərsi keçdi. Matçın taleyini qonaqların 22 yaşlı debütant qapıçısı Antonin Kinskinin kobud səhvləri həll etdi desək yanılmarıq. Artıq 6-cı dəqiqədə gənc qolkiperin sürüşməsi Markos Lorentenin fərqlənməsinə şərait yaratdı. İlk 15 dəqiqə ərzində hesabın 3:0-a çatmasından sonra Tudor səhvini anlayaraq qapıçını dəyişsə də, Madrid klubu matçdan 5:2 hesablı inamlı qələbə ilə ayrılmağı bacardı.
Gecənin ən gərgin ssenarisi “Sent-Ceyms Park”da qeydə alındı. Hansi Flik “Barselona”nın əsas ulduzlarını meydana buraxsa da, “sağsağanlar” xüsusilə ilk hissədə oyuna nəzarət edə bildilər. Meydan sahiblərinin təzyiqi 74-cü dəqiqədə Barnsın qolu ilə bəhrəsini verdi. Kataloniya təmsilçisi matçın böyük hissəsini sönük keçirdi və məğlubiyyətdən son anda qaça bildi. Uzatma dəqiqələrində Dani Olmonun qazandığı penaltini Yamal dəqiq yerinə yetirdi.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
“Qalatasaray” – “Liverpul” 1:0
Lemina, 7.
“Nyukasl” – “Barselona” 1:1
Barns, 86 – Yamal, 90+6-p.
“Atalanta” – “Bavariya” 1:6
Paşaliç, 90+3 – Stanişiç, 12. Olise, 22; 64. Qnabri, 25. Cekson, 52. Musiala, 67.
“Atletiko” – “Tottenhem” 5:2
Lorente, 6. Qrizman, 14. Alvares, 15; 55. Le Norman, 22 – Porro, 26. Solanke, 76.