“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 21-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”a məğlub olduqları (0:2) oyundan sonra mətbuat konfransında iştirak edib.
Təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanın gedişatını dəyərləndirərək, məğlubiyyətin səbəblərinə aydınlıq gətirib. O, oyunun startındakı uğursuz çıxışın həlledici olduğunu vurğulayıb:
“Oyuna çox pis başladıq və qısa müddətdə iki qol buraxdıq. Həmin anlarda komanda daxilində ciddi bir çaşqınlıq hökm sürürdü. İlk hissəni çox zəif keçirdik. Fasilədən sonra isə vəziyyəti dəyişməyə çalışdıq, ikinci yarıda tam fərqli oyun nümayiş etdirdik. Lakin rəqibin kompakt müdafiə səddini yara bilmədik. Futbolçular sona qədər mübarizə aparsalar da, ilk hissədə yol verilən səhvləri düzəltmək mümkün olmadı”.
Sadıqov əvəzedici heyətdən əsas komandaya futbolçuların cəlb olunmaması ilə bağlı iddialara da cavab verib. Baş məşqçi bildirib ki, proses davam edir: “Zaman-zaman gənc oyunçuları məşqlərə dəvət edirik. Şəxsən əvəzedicilərin çempionatını mütəmadi izləmək imkanım olmasa da, potensiallı uşaqları komandaya cəlb edirik. Kim tam hazır olsa, ona şans verəcəyik”.
Matç zamanı Tovuz azarkeşlərinin onun əleyhinə səsləndirdiyi şüarlar barədə danışan Rəşad Sadıqov, bu mənzərənin onun üçün gözlənilməz olduğunu qeyd edib: “Düzünü desəm, bu reaksiyanın səbəbini anlamadım. ‘Turan Tovuz’ mənim üçün doğma bir komandadır. Səbəbini bilmədiyim üçün bu barədə geniş fikir bildirə bilmərəm”.