Bu gün Belçikanın paytaxtı Brüsseldə futbol üzrə Millətlər Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib. Bu dəfə D divizionunda mübarizə aparacaq millimizin də rəqibləri müəyyənləşib.
Püşkün nəticələrinə əsasən, “milli” 2-ci qrupda Litva və Lixtenşteyn seçmələri ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları sentyabrın 24-dən noyabrın 17-dək olan dövrü əhatə edəcək.
Yığmamızın baş məşqçisi Ayxan Abbasov püşkatmanın nəticələrini şərh edərək komandanın əsas hədəfini açıqlayıb: “Rəqiblərimiz artıq bəllidir. Ümid edirəm ki, komandamız üçün bu yol uğurlu olacaq. Biz öncədən bütün potensial rəqiblərlə tanış olmuşduq, onların oyunlarını izləmişdik. Əsas məqsədimiz yenidən C divizionuna qayıtmaqdır. Qarşıda bizi yoldaşlıq görüşləri gözləyir. Bu oyunlar futbolçuları yaxından görmək və heyəti dəqiqləşdirmək üçün yaxşı fürsət olacaq. İnanıram ki, biz C divizionuna yüksələcəyik”.