Braziliya futbolunun canlı əfsanəsi Halkın ailəsində tarixi günlər yaşanır. Məşhur hücumçunun oğulları – İanla Tiaqo “Atletiko Mineyro” akademiyasına qəbul olunublar. “Rising Ballers” portalının paylaşdığı imza görüntüləri artıq futbol dünyasında böyük maraqla qarşılanıb.
Bu xəbəri xüsusi edən isə Halkın öz karyerasıdır. 39 yaşlı ulduz hələ də “atletlər”in heyətində parlayır və klubdakı 300-cü oyununa çıxmağa hazırlaşır. İndi azarkeşləri tək bir sual düşündürür: Görəsən, yaşıl meydanlarda “Halk sülaləsi”ni eyni anda görə biləcəyikmi?
Oğullarının 15 və 17 yaşı var. Bu isə o deməkdir ki, bir neçə ildən sonra atanın və oğulların eyni formanı geyinib çiyin-çiyinə mübarizə aparması möcüzə yox, real bir ssenaridir. Futbolun vətəni Braziliyada bu cür hekayələr oyunun magiyası hesab olunur.
Halk özü də övladlarının bu uğuru ilə fəxr etdiyini gizlətmir. Bu müqavilə sadəcə bir transfer deyil, “Atletiko Mineyro” ailəsinə olan sadiqliyin və nəsildən-nəslə ötürülən futbol irsinin ən gözəl təcəssümüdür.