Məşhur məşqçi Fatih Terim Türkiyə futbolunda inqilab yaradacaq tarixi bir təkliflə çıxış edib. Türkiyənin “Dörd böyüklər”i (“Qalatasaray”, “ Fənərbaxça”, “ Beşiktaş” və “Trabzonspor”) arasında transferlərin sərbəst şəkildə həyata keçirilməli olduğunu müdafiə edən Terim deyib: “Bu, həmişə ürəyimdə olan bir arzudur. Əgər bu dörd böyük klub öz aralarında oyunçu mübadiləsi apararaq çatışmazlıqlarını aradan qaldırsa, ortaya tamamilə fərqli mənzərə çıxar. Onlar həm iqtisadi, həm inzibati, həm də texniki baxımdan böyük fayda əldə edərlər”.
“Lider Haber” kanalına açıqlama verən təcrübəli mütəxəssis, bu addımın Türkiyə futbolunu irəli aparacağını vurğulayıb. Terim qeyd edib ki, klublar arasında transfer dövriyyəsi yaransa, xarici oyunçu seçimində səhvlərə daha az yol verilər:
“İnanın mənə, Türkiyədə bu dörd klub arasında transfer sirkulyasiyası olsa, biz əksər hallarda legioner seçimində yanılmarıq. Mən bir oyunçunu heyətə salmıram, amma eyni zamanda getməsinə də icazə vermirəm. Deyirlər ki, “birdən gedib orada yaxşı oynayar”. Belə düşüncə olar? Mən karyeram boyu getmək istəyən hər bir oyunçuya yaşıl işıq yandırmışam, heç vaxt mane olmamışam. Doğru olan da budur”.Dünya futbolundan nümunələr gətirən Terim fikrini belə tamamlayıb: “Milan” “İnter”dən, “İnter” isə “Milan”dan oyunçu alır, “Çelsi” “Mançester”dən transfer edir. Dünyanın hər yerində bu belədir. Heyətə salmadığınız oyunçunu niyə əlinizdə saxlayırsınız? Qoyun getsin orada oynasın. Bunun nəyi pisdir?! Mən belə bir yol göstərdim. İnşallah, Türkiyədə də bu anlayış formalaşar”.