“Bavariya” rəhbərliyi Nigeriya millisinin və “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin mümkün transferi ilə bağlı təklif alsa da, bu keçidə maraq göstərməyib. Bu barədə məlumatı Almaniyanın nüfuzlu TZ nəşri yayıb.
Mənbənin bildirdiyinə görə, karyerasını Avropanın nəhəng klublarından birində davam etdirmək istəyən futbolçunun nümayəndələri onun xidmətlərini Münhen təmsilçisinə təklif ediblər. Lakin “Bavariya” rəhbərliyi heyətdə ikinci yüksək səviyyəli hücumçuya ehtiyac duymadıqlarını vurğulayıb.
Klubun qəti mövqeyi heyətdə Harri Keyn kimi sarsılmaz bir “nömrə bir”in olması ilə bağlıdır. Münhenlilər ehtiyatda qalma ehtimalı yüksək olan bir oyunçu üçün böyük maliyyə xərclərinə yol vermək niyyətində deyillər. Hazırda klubun transfer siyasəti daha fərqlidir: rəhbərlik Keynin əvəzləyicisi olmağa razılaşacaq gənc və perspektivli bir forvard axtarışındadır. Məhz bu amil statusundan və məhsuldarlığından asılı olmayaraq, Osimhenin “Bavariya”nın transfer siyahısına daxil edilməməsinə səbəb olub.
Xatırladaq ki, Viktor Osimhen ötən yay 75 milyon avro qarşılığında “Napoli”dən “Qalatasaray”a transfer olunub. Nigeriyalı forvard bu mövsüm çıxdığı 16 matçda 12 qol vuraraq yüksək performans nümayiş etdirir. Onun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.