“Milan”ın baş məşqçisi Massimiliano Alleqri, “Napoli”yə qarşı keçirilən İtaliya Superkubokunun yarımfinal oyunundan (0:2) sonra böyük bir qalmaqalın mərkəzinə düşüb.
Hadisə Adrien Rabionun Matteo Politanoya qarşı kobud folundan sonar baş verib. Epizoda hər iki komandanın ehtiyat oyunçular skamyası müdaxilə edib. Yaranan qarışıqlıq fonunda Alleqri neapolluların meneceri Qabriele Oriali ilə söz davasına çıxıb. İtaliya mətbuatının məlumatına görə, məşqçi tərəfindən Orialinin ünvanına ağır şəxsi təhqir səsləndirilib.
Vəziyyəti yalnız “rossonerilər”in qərargah əməkdaşlarının müdaxiləsi ilə sakitləşdirmək mümkün olub. Onlar Alleqrini yenidən texniki zonaya aparıblar. Matçdan sonra “Napoli” rəhbərliyinin rəsmi bəyanatında “Milan”ın baş məşqçisinin davranışı kəskin şəkildə pislənilib. “Klub Alleqrinin davranışını qətiyyətlə pisləyir. Ümid edirik ki, tamamilə nəzarətdən çıxmış bu təcavüz, xüsusən də 33 kameranın mövcudluğu şəraitində diqqətdən kənarda qalmayacaq,” – deyə neapolluların mesajında bildirilir.
Qeyd edək ki, bu mövsüm A seriyasında “Milan” 32 xalla turnir cədvəlində ikinci, “Napoli” isə 31 xalla üçüncü yerdə qərarlaşıb.