Kubokun 1/8 finalında rəqib sarıdan “Qəbələ”mim bəxti gətirmədi, desək yanılmarıq. Kazaber Tsxadadzenin yetirmələrini bu mərhələdə hazırda 1-ci liqanın lideri olan və yaxşı forma sərgiləyən “Şəfa” gözləyirdi. Oyunun əvvəli də bu gümanları təsdiqlədi. Elə 2-ci dəqiqədə Sanqare cinah ötürməsini birbaşa qapıya yönəldərək hesabı açdı. Lakin meydan sahiblərinin sevinci cəmi dörd dəqiqə çəkdi. Emin Zamanov Sanqaredən də baxımlı qol vurdu. Cərimə meydançasının içərisinə daxil olan Zamanov Kuarejma sayağı ayaqüstü zərbə ilə topu uzaq küncə fırlatdı. Uzun müddət “Qəbələ” daha yaxşı oynasa da, yalnız ikinci hissənin əvvəlində Sanqarenin ustalığı sayəsində irəli çıxdı. Hücumçu bu dəfə qapıçı ilə duelə çıxaraq qələbə topunu vurdu. Növbəti mərhələdə “Qəbələ”ni “Sabah” imtahanı gözləyir.
Azərbaycan Kuboku, 1/8 final
“Qəbələ” – “Şəfa” 2:1
Qəbələ şəhər stadionu
Baş hakim: Əli Əliyev
Qollar: İ. Sanqare, 2; 53 – E. Zamanov, 6.