Hər zamankı basabas, hərbçi ilə baxışan azarkeş, qazaxıstanlı fanatla “razborka”, aradan çıxan “Qarabağ” fanatı…
- Tofiq Bəhramov stadionunun infrastrukturu heç cür belə mötəbər oyunların təşkili üçün yararlı deyil. Stadionu giriş istiqaməti məhdud olduğundan basırıq və xaos yaranır. Stadionun dörd tərəfi açıq və sektorlara giriş fərqli istiqamətlərdən olmalıdır. Məhz belə sistem Avropada 60-70 minlik oyun zamanı stadionlara girişi şaxələndirir və basabası aradan qaldırır.
- Tofiq Bəhramov stadionunun yararsızlığının daha bir nümunəsi aşağı sıra oturacaqlarıdır. Bura bilet satmaq əməlli fırıldaqçılıqdır. Aşağıda oturan bir azarkeş fasilədə narazı halda deyinirdi ki, 45 dəqiqə üzbəüz durduğu hərbçi ilə baxışıb, oyunu normal izləyə bilməyib. Belə getsə hərbçi ilə arasında sıcaq münasibətlərin yaranacağından narahat olan azarkeş fasilədən sonra deyəsən qayıtmadı.
- Oyuna Qazaxıstandan çoxlu sayda azarkeş gəlmişdi. Təbii ki, onlar “Çelsi”ni görmək üçün. Amma gördüyüm mənzərə göstərdi ki, qazaxlar əməlli-başlı “Çelsi” fanatları imiş. “Türk qardaşlarının”, “Turan elinin” bu halından məyus olan bir “Qarabağ” azarkeşi fasilədə bir qazaxıstanlını çəkmişdi “razborkaya”, ona “Turan, millət, Sakarya” deyə başa salmağa çalışırdı, amma qazaxıstanlı “Çelsi” fanatı deyilənləri anlamırdı. Azərbaycanlı azarkeşin misallar üzərində qurduğu izahatı da ona çatmırdı. Qardaş izah etməyə çalışırdı ki, “bax sizin “Paxtakor” Avropa kuboklarında oynayanda biz ona azarkeşlik edirik”… Zəvallı qazaxıstanlı isə gözünü döyə-döyə “Paxtakor”un hara komandası olduğunu tapmağa çalışırdı.
- Bizdə də sədaqətsiz azarkeşlər vardı. 85 dəqiqə qışqıran, hay-küy salan, sidqi-ürəkdən həyəcan keçirən 45-50 yaşında bir azarkeş oyunun sonuna 5 dəqiqə qalmış anidən dostlarına “durun gedək, “Qalatasaray”ın oyununa çataq” deyərək aradan çıxdı…