Hazırda “Real”ın göstərdiyi nəticələr müsbət olsa da, komanda daxilində gərginliyin hökm sürdüyü söylənilir. Xabi Alonso baş məşqçi postunu tutandan bəri sərt qaydalar tətbiq etməyə başlayıb. Məsələ yalnız idman zalında əlavə məşqlərlə bağlı deyil. Məşq meydançasına və soyunub-geyinmə otağına giriş məhdudlaşdırılıb və hətta oyunçulara yaxın olan şəxlər də izlənilir. “The Athletic” qəzetinin yazdığina görə, Alonsonun bu yanaşması “Kral klub”unun heç də bütün oyunçularının ürəyincə deyil. Bəziləri meydandakı azadlıqdan məhrum olmalarından, digərləri isə Xabi Alonsonun komandadan çox uzaq düşməsindən şikayətlənirlər. “Ağlar”ın soyunub-geyinmə otağına yaxın olan mənbə qəzetə bunları deyib: “Bəzi oyunçular belə üsullara əl atılmadan çox şey qazanıb, indi onları buna məcbur etmələrini anlaya blmirlər. O, özünü Qvardiola hesab edir, ancaq hələlik o, sadəcə Xabidir”.
Deyilənə görə, Alonsonun qoyduğu qadağalar oyunçular arasında gedən söhbətlərdə getdikcə daha çox müzakirə olunmağa başlayıb. Vinisius Juniorun “El Klasiko”da əvəzlənməsinə reaksiyası da komandadaxili ab-havanın gərgin olduğunu göstərdi. Mənbə qeyd edib ki, bəzi oyunçular Karlo Ançelottinin dostcasına və ünsiyyətcil üslubuna üstünlük verirlər, Xabi Alonsonu isə “əlçatmaz” hesab edirlər.