Geridə qalan 7 turda yalnız bir qələbə qazanan “Qəbələ” turnir cədvəlinin zirzəmisində möhkəmlənərək sonuncu yerdə gedən “Kəpəz”lə elitada qalmaq uğrunda mübarizə aparacaq komanda olduğunu göstərmişdi. Bu baxımdan “Kəpəz”in bu turda səfərdə “Şamaxı”nı darmadağın etməklə “Qəbələ”nin işinin asan olmayacağını elan etmiş oldu. Odur ki, Kaxaber Tsxadadzenin komandası üçün “İmişli” ilə oyun xüsusi əhəmiyyət daşıyırdı. “İmişli” isə asan rəqib olmadığını sübut edib.
“Qəbələ”nin heyətində cəzalı Ovusu və zədəli İsak Amoa itki hesab olunurdu. “İmişli” isə faktiki olaraq optimal heyətlə meydana çıxdı. Mraqlıdır ki, ötən mövsüm 1-ci liqada “Qəbələ”nin məğlubiyyətsiz seriyasına məhz İmişli klubu son qoymuşdu.
Oyunun ilk yarısı nominal meydan sahiblərinin azacıq üstünlüyü ilə keçsə də, qonaqlar mütəşəkkil və əzmkar müdafiə ilə qapılarında ciddi təhlükəyə imkan vermədilər. Bununla yanaşı ilk yarının sonlarında “Qəbələ” iki təhlükəli hücum qura bildi. Sanqare təkbətəki vura bilməsə də, Massumo ustalıqla cərimə meydançasının qarşısından irəliləyərək topu sağ küncə yönəltməklə hesabı açdı.
İkinci yarı daha maraqlı keçdi. Hissi başlayan kimi Sanqare fərqi ikiyə yüksəltdi. Lakin “İmişli” təzyiqi artırmaqla 2 qol vuruaraq məğlubiyyətdən qaça bildi.
8-ci tur
“İmişli” – “Qəbələ” 2:2
Quba OİK stadionu.
Hakim: İnqilab Məmmədov
“İmişli”: Andrey Sinenka, Azər Salahlı, Abbas Ağazadə, İdris İnqilablı, Rafael Vieqaş, Nikola Karaklaiç, Edvin Banquera, Ronaldo de Souza, Dioqo Almeyda, Dioqo Rollo, Luis Silvestr.
“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev, Nicat Əliyev, Süleyman Damadayev, Şahin Şahniyarov, Eşqin Əhmədov, İbrahim Sanqare, Adriel Ba Loua, Eduardo Kunde, Xayme Syerra, Domi Massumo.
Qol: Massumo, 44 (0:1). Sanqare, 47 (0:2). R. de Souza, 64 (1:2). Almeyda, 80 (2:2).
