“Qarabağ”dan tarixi qələbə

01.10.25 | 12:17
Ölkə futbolu

Oyun ərəfəsi

Çempionlar Liqasının 2-ci turunda “Kopenhagen”i qəbul edən “Qarabağ” oyuna optimal heyətdə yaxınlaşıb desək doğru olmaz. Marko Yankoviç komandanın orta sahəsi üçün çox önəmli oyunçudur və onun yoxluğu bu oyunda öz təsirini göstərəcək. Nəriman Axundzadə isə zədəsini sağaltsa da, əsas heyətdə yerini “Benfika” ilə oyunda özünü yaxşı tərəfdən göstərən Kamilyo Durana itirib. Qurban Qurbanovun komandası Premyer-Liqanın son iki oyununda heyəti rotasiya edərək oyunçuların “Kopenhagen”lə matça yaxşı formada çatmasını saxlamağa çalışıb. “Qarabağ” milli çempionatda iki oyuna 7 qol vuraraq qapısını qolsuz saxlamaqla komandanın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.

“Kopenhagen” də Bakıya yaxşı formada gəlib. Komanda Danimarka çempionatının son turunda qələbə qazanaraq 3-cü pillədə möhkəmlənib. “Qarabağ”ın rəqibi xüsusilə hücum oyunu ilə seçilir. Kopenhagenlilər son 12 oyunun hər birində rəqib qapısına yol tapıb və onların bir çoxunda azı 2 qol vurub. Ən maraqlısı isə odur ki, “Kopenhagen” səfərdə daha yaxşı oynayır. Qonaqları narahat edən əsas məsələ Tofiq Bəhramov adına stadionun vəziyyətidir. Onlar çox səs-küy salmasalar da, belə stadionda sürətli hücum oynaya biləcəklərinə dair tərəddüd içindədirlər. Lakin “Qarabağ”ın da topla oynayan komanda olduğunu nəzərə alsaq, vəziyyət hər iki tərəf üçün eynidir. “Kopenhagen”in heyətində zədəli oyunçular var. Lakin Maqnus Mattsson və ya Andreas Korneliusun yoxluğu komanda üçün ciddi itki deyil. 37 yaşlı baş məşqçi Yakob Neestrup heyəti optimallaşdırmağa nail olub.

Qeyd edək ki, “Kopenhagen”in “Qarabağ”la köhnədən qalan haqq-hesabı da var. 2017-ci ildə tarixində ilk dəfə ÇL-ə yüksələn Ağdam klubu pley-off-da məhz Danimarka çempionunu keçmişdi.

Oyunun gedişi

İlk yarı
Qurban Qurbanovun start heyəti sürpriz olmadı. “Benfika” ilə oyunda zədələnən Marko Yankoviçin əvəzinə Aleksey Kaşuk ilk dəqiqələrdən meydanda idi. “Qarabağ” oyuna fəal başladı və topa sahib olaraq rəqibi təzyiq altında saxladı, hətta Zubirin yarım şansı da oldu. Bu epizodda Hueskas zədələnərək meydanı tərk edəsi oldu. Az sonra ağdamlılar daha bir təhlükəli vəziyyəti qola çevirə bilmədi. “Qarabağ”ın təzyiqi öz bəhrəsini verdi. Meydanda böyük iş görən Bikalyonun sərt zərbəsi dirəkdən döndü və Zubir topu təkrar qapıya yönəltdi. Ağdamlılar fasiləyə qədər hesabı artıra da bilərdilər. Rəqib qapıçısı iki dəfə çevik reaksiya ilə Kaşukun uzaqdan, Zubirinsə yaxından baş zərbəsini çıxardı. Leandronun zərbəsi zamanı da rəqibin bəxti gətirdi.

İkinci hissə
Yakob Neestrup ikinci hissəyə iki dəyişikliklə başladı. İlk yarıda nəzərə çarpmayan Mukoko və Robertin əvəzinə Klaesson və Suzukini buraxmaqla “Qarabağ”ın təklif etdiyi yüksək tempə müqavimət gücünü artırmağı düşündü. Oyun bir müddət meydan sahiblərinin üstünlüyü ilə davam etsə də, bir ssatın tamamından sonra temp azaldı və “Qarabağ”ın oyunçuları açıq-aşkar oyundan düşməyə başladı. Nəticədə rəqib daha çox topla oynamaq imkanı qazandı. Bu da qapımız önündə gərginliyi artırtdı. Qurban Qurbanov Nərimanla Toralı oyuna buraxaraq komandanın gücünü artırmağı planladı. Rəqibin tirdən dönən topu ciddi siqnal oldu. Bu siqnalı qəbul edən isə Addai oldu. Heç bir təhlükəli vəziyyət olmadığı halda təkbaşına topu sağa-sola çevirərək cərimə meydanı kənarından zərbə endirdi. Qol o qədər gözlənilməz oldu ki, hətta epizodda iştirak edən Nəriman da təəccüblə harasa boylanaraq sanki inanmaq istəmirdi. Qol tam yerinə düşdü. Bu artıq qələbənin müjdəsi idi.

Tarixi qələbə
“Qarabağ” tarixində ilk dəfə ÇL-də dalbadal iki qələbə qazandı. Bu möhtəşəm ilk həm də komandamızı “Bavariya”, “Real Madrid” kimi nəhənglərlə birlikdə ÇL-in liderləri sırasına yüksəltdi.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) 2:0

Baş hakim: Serdar Gözüböyük (Niderland), Tofiq Bəhramov adına stadion

“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev (Musa Qurbanlı, 90), Kevin Medina, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Kadi Borges, Abdullah Zubir (Kuaku, 90), Leandro Andrade (Toral Bayramov, 78), Aleksey Kaşuk (Addai, 70), Kamilo Duran (Nəriman Axundzadə, 78).

“Kopenhagen”: Dominik Kotarski, Qabriel Pereyra, Pantelis Hatzidiakos (Açuri, 69), Yussufa Mukoko (Suzuki, 46), Məhəmməd  Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Hueskas (Zaque, 15), Markos Lopes, Robert (Klaesson, 46), Tomas Delaney (Madsen, 78).

Qol: Zubir, 28 (1:0). Addai, 84 (2:0).

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19