“Qarabağ” Çempionlar Liqasına möhtəşəm start verdi. Lissabonda “Benfika”ya qarşı 0:2 geridə olmasına baxmayaraq 3:2 hesablı əzmkar qələbə Avropada böyük rezonans doğurdu. Bu nəticə həm futbolçulara, həm də azarkeşlərə ümid verdi ki, komanda böyük rəqiblərlə də uğurla mübarizə apara bilər.
Daha sonra Premyer-liqada iki oyunda 7 cavabsız qol vuran Ağdam təmsilçisi turnir cədvəlində mövqeyini də möhkəmləndirdi. Komandanın forması yüksələn xətdədir.
Amma eyforiyaya qapılmaq olmaz. İndi rəqib Danimarka çempionu “Kopenhagen”dir. Bu komanda ilk turda “Bayer Leverkuzen”lə matçda son dəqiqələrdə avtoqol hesabına qələbəni əldən verib. Səfərdə ehtiyatlı və eyni zamanda təhlükəli oynaya bilən rəqib Qarabağ üçün ciddi sınaq olacaq.
“Kopenhagen” azərbaycanlı azarkeşlər üçün yad rəqib deyil. 2017-ci ildə məhz bu komandayla qarşılaşmada səfər qolu qaydası sayəsində “Qarabağ” ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi. Bu, xoş xatirə olduğu qədər də xəbərdarlıqdır – danimarkalılar zəif komanda deyil.
Qeyd edək ki, “Qarabağ” son 43 avrokubok oyununda qolsuz heç-heçə etməyib. Bu göstərici komandanın hücum futboluna sadiqliyini nümayiş etdirir, eyni zamanda müdafiədə diqqətli olmağın vacibliyini də xatırladır. Sabah Bakıda həm qələbə gözləntisi, həm də böyük məsuliyyət dolu bir oyun bizi gözləyir. Maraqlıdır ki, “Qarabağ” sabah qalib gəlsə tarixində ilk dəfə Çempionlar Liqası kimi turnirdə ilk dəfə dalbadal iki qələbə qazanmış olacaq və ilk dəfə turnir cədvəlinə başçılıq da edə bilər, liderlər qrupunda da ola bilər.