Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.
Milli Olimpiya Komitəsinin məlumatına görə, yarışın sonuncu günündə yığmamızın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizə aparıb.
O, qrup mərhələsində ilk görüşdə sinqapurlu Auv Eştona məğlub olsa da, sonrakı qarşılaşmalarda türkiyəli Candeniz Berrak, seneqallı Cibril Queye, islandiyalı Ari Conasson, iraqlı Hayder Əl-Əsadi və qazaxıstanlı Aybar Kaıym üzərində qələbə qazanıb. Lakin növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan idmançımız turnirlə vidalaşıb.
Beləliklə, Azərbaycan komandası “Dakar-2026”nı 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.
Qızıl medallara cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) sahib olublar.
Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medal qazanıblar.