Ceymi Karraqer Erlinq Haalandın bütün dövrlərin ən məhsuldar hücumçusu olacağına əminliyini ifadə edib.
“Mançester Siti”nin hücumçusu Çempionlar Liqasında “Portu” ilə matçda yenidən fərqlənib. 26 yaşlı norveçli 2:0 hesablı qələbə ilə başa çatan görüşdə dubla imza ataraq klub tarixinin ən yaxşı bombardiri siyahısında 3-cü pilləyə yüksəlib. “Borussiya” (Dortmund) klubundan transfer olunduqdan sonra o, “şəhərlilər”in heyətində 203 oyunda 167 qol vurub.
Dünənki qolların sayəsində Çempionlar Liqasındakı göstəricisi 59 oyunda 59 topa çatıb. Ümumilikdə isə Haaland klub və milli komanda səviyyəsində keçirdiyi 445 matçda nə az, çox 366 dəfə adını tabloya yazdırıb.
Haalandın qeyri-adi məhsuldarlığı Karraqerin dərin rəğbətini qazanıb. “Liverpul”un əfsanəsi “Mançester Siti”nin “Portu” üzərindəki qələbəsindən sonra “CBS Sports” efirində hücumçunun istedadını dəyərləndirib. 48 yaşlı ekspert hesab edir ki, Haaland karyerasının sonuna qədər 1000-dən çox qol vura bilər: «Mən sadəcə təsəvvür edə bilmirəm ki, Haaland 1000 qol vurmasın və ya bütün dövrlərin ən yaxşı bombardiri olmasın. Mən heç vaxt nə qolların sayına, nə də statistikaya görə belə bir hal görməmişəm və bu, hər oyunda təkrarlanır. Amma o, bunu o qədər tez-tez edir ki, artıq heç də qeyri-adi görünmür. O, səfərdə Çempionlar Liqası matçında iki qol vurdu və hər hansı digər hücumçu bunu etsəydi, bu, inanılmaz axşam olardı. İndi isə elə təsir bağışlayır ki, sanki bu, adi bir gecədir. Mən sadəcə təsəvvür edə bilmirəm ki, o, necə tarixin ən yaxşı bombardiri olmaya və bütün zamanların rekordunu qırmaya bilər».
Erlinq Haalandın bütün dövrlərin ən məhsuldar bombardirləri siyahısına başçılıq etməsi üçün hələ uzun yol keçməsi lazımdır. Hazırda Kriştianu Ronaldu 1000 qol həddinə hamıdan yaxındır:
1000 qol həddinə çatmaq üçün Haaland karyerasını başa vuranadək daha 634 dəfə fərqlənməlidir. Əgər o, daha on il oynaysa, bu, mövsüm ərzində orta hesabla 63.4 qol deməkdir.
1. Kriştianu Ronaldu – 978 qol
2. Lionel Messi – 927 qol
3. Pele – 762 qol
4. Romario – 756 qol
5. Ferens Puşkaş – 725 qol
6. Yozef Bikan – 722 qol
7. Robert Levandovski – 703 qol
Braziliya əfsanəsi Pele rəsmi matçlarda vurduğu 762 qolla siyahıda üçüncü yeri tutur. Lakin “Ginnesin Rekordlar Kitabı”na əsasən, onun hesabında təəssürat yaradan başqa bir rəqəm də var — karyerası ərzində qeydə alınan 1281 qol.