2013-cü ilin məhz bu günü Xorvatiya millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində həlledici matçda Serbiyanın qonağı oldu. İqor Ştimatsın rəhbərlik etdiyi xorvatlar ilk oyunda “Maksimir” stadionunda Sinişa Mixayloviçin komandasını Mario Mandjukiç və İvitsa Oliçin qolları ilə 2:0 hesabı ilə məğlub etmişdi. Altı ay sonra komandalar cavab görüşündə Belqraddakı məşhur “Marakana” stadionunda üz-üzə gəldilər.
Qonşu ölkələrin prinsipial derbisi 1:1 hesablı heç-heçə ilə başa çatsa da, matç daha çox meydanda və tribunalarda yaşanan gərgin hadisələrlə yadda qaldı.
İlk hissədə Serbiya millisi daha üstün təsir bağışlayırdı. Həmin vaxt hələ gənc olan, bu gün isə Serbiyanın ən məhsuldar hücumçularından birinə çevrilən Aleksandar Mitroviç künc zərbəsindən sonra başla vurduğu zərbəsi dirəkdən döndü. Ardınca qapıçı Stipe Pletikosa Zoran Toşiçin təhlükəli zərbəsini dəf etdi.
Lakin hesabı açan tərəf Xorvatiya oldu. 53-cü dəqiqədə Dario Srnanın ötürməsini Mario Mandzukiç soyuqqanlılıqla tora göndərərək tribunalardakı səs-küyü bir anlıq susdurdu.
Serbiya 13 dəqiqə sonra cavab verdi. Miralem Suleymaninin asmasından sonra Mitroviç hava mübarizəsində qalib gələrək hesabı bərabərləşdirdi.
Qarşılaşmanın sonlarına doğru hər iki komanda azlıqda qaldı. 75-ci dəqiqədə Nemanya Matiç ikinci sarı vərəqə alaraq meydandan qovuldu. Cəmi beş dəqiqə sonra isə Yosip Şimuniç rəqibin əks-hücumunun qarşısını alarkən Suleymanini kobud şəkildə dayandırdığı üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.
Matçın keçirildiyi “Marakana” stadionunun tribunalarında son dərəcə gərgin və millətçi ab-hava hökm sürürdü. Serb azarkeşlər arasında “Cəhənnəm olsun ustaşlar!” və “Xorvatı öldür ki, albanın qardaşı olmasın!” kimi nifrət məzmunlu şüarlar səsləndirilir, tribunalarda siyasi mesajlar əks olunan pankartlar nümayiş etdirilirdi.
Mandzukiçin qolundan sonra xorvat futbolçuların sevincinə tribunadan oturacaqlar və məşəllər atıldı, Xorvatiya bayrağı yandırıldı. Şimuniçin qırmızı vərəqə alaraq meydanı tərk etdiyi anlarda isə gərginlik daha da artdı. Azarkeşlər futbolçunun üzərinə səs qumbaraları və müxtəlif əşyalar ataraq onu paltardəyişmə otağına qədər müşayiət etdilər.
İğtişaşlar zamanı cənub qapısının arxasında çalışan fotojurnalistlər də azarkeşlərin aqressivliyindən zərər gördülər. Matçın sonlarına yaxın tribunalarda yandırılan məşəlləri söndürməyə çalışan yanğınsöndürənlərə belə mane olundu. Hadisələrə yalnız xüsusi təyinatlı polisin müdaxiləsindən sonra nəzarət etmək mümkün oldu.
Beləliklə, 1:1 hesabı ilə başa çatan Serbiya – Xorvatiya qarşılaşması nəticədən daha çox “Marakana”dakı gərgin atmosfer, nifrət şüarları və tribunadakı insidentlərlə yadda qalan derbilərdən birinə çevrildi.