Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sabah”a 0:5 hesabıyla məğlub olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib. Təcrübəli mütəxəssis ağır məğlubiyyətə baxmayaraq, komandasının oyunundan tamamilə narazı qalmadığını bildirib: “Oyuna ilk dəqiqələrdən fəal başladıq, topa nəzarət etməyə çalışdıq və bu, pis də alınmırdı. Lakin rəqib ilk qol epizodunu qola çevirdi. Ardınca isə yenə kobud səhvə yol verdik. Bilmirəm, o epizodda penalti var idi, yoxsa yox… Elə matçın əvvəlindən 0:2 geriyə düşəndən sonra oynamaq çox çətindir. Amma futbolçularım özlərində güc tapıb mübarizəni davam etdirdilər”.
Hesabın aldadıcı olduğunu və oyunun gedişinin bərabər mübarizə şəraitində keçdiyini qeyd edən Sadıqov əsas problemin qol imkanlarından yararlana bilməməkdə olduğunu vurğulayıb: “Hesabın 0:5 olmasına baxmayaraq, futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Topa nəzarət bəzən bizdə, bəzən rəqibdə idi, oyun səviyyəmiz oxşar idi. Onlar yaratdıqları 6 epizoddan 5-ni reallaşdırdılar, bizim isə 4-5 yaxşı şansımız olsa da, yararlana bilmədik. İki komanda arasında yeganə fərq məhz bitiricilik, yəni son zərbələr və ikinci-üçüncü qollarda buraxdığımız kobud səhvlər oldu. “Sabah”a qarşı daha hücumameyilli, açıq futbol oynamağa çalışdıq və oyun planında pis görünmürdük. Sadəcə, rəqibimiz bu gün bizi məhz bu komponentdə üstələdi”.
Futbolçularında arxayınlıq hiss etmədiyini diqqətə çatdıran baş məşqçi komandanın bu məğlubiyyətdən düzgün nəticə çıxaracağına inandığını söyləyib: “Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, sərgilədikləri mübarizədən narazı deyiləm. Çox sadə qollar buraxdıq və yaratdığımız epizodlardan yararlana bilmədik. “Sabah”ın gücü hamıya bəllidir. Hesab 5:0 olsa da, mən bu oyundan pozitiv enerji ilə ayrılıram. Səhvlər üzərində işləyib daha güclü qayıdacağıq”.
Sonda Rəşad Sadıqov rəqibi təbrik edərək, onlara Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirəcəkləri səfər matçında uğurlar arzulayıb.