Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı bütün rəqibləri müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin təsnifat mərhələsinin matçlarından sonra C qrupunun qalibi “Buba Mara” (Bosniya və Herseqovina) və D qrupunun lideri “Uypeşt” (Macarıstan) “qırmızı-ağlar”ın yer aldığı qrupa vəsiqə qazanıblar.
İyulun 8-də keçirilən püşkatmanın şərtlərinə əsasən, 5-ci qrupa ilkin mərhələnin E qrupunun qalibi qoşulmalı idi. Lakin həmin qrupda birinci yeri Ermənistan çempionu “Unisport” tutub. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan xüsusi qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilməzlər. Bu məhdudiyyət səbəbindən E qrupunun qalibi başqa qrupa keçirilib, onun yerinə isə D qrupunun birincisi “Uypeşt” 5-ci qrupa daxil edilib.
Əsas mərhələnin 5-ci qrup görüşləri oktyabrın 27-dən noyabrın 1-dək Polşada təşkil olunacaq. Qrupda liderlik uğrunda aşağıdakı kollektivlər mübarizə aparacaqlar:
“Piast” (Polşa) — meydan sahibi
“Araz-Naxçıvan” (Azərbaycan)
“Buba Mara” (Bosniya və Herseqovina)
“Uypeşt” (Macarıstan)
Təmsilçimiz “Araz-Naxçıvan” bu mövsüm sayca 21-ci dəfə futzal üzrə Çempionlar Liqasında (keçmiş UEFA Kuboku) iştirak edəcək. Ölkə çempionu bu göstəriciyə görə Avropada yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.