“Qarabağ” heyətini braziliyalı yarımmüdafiəçi Dieqo Qabriel Silva Rosa ilə gücləndirib. 23 yaşlı futbolçu Kiprin APOEL klubundan Ağdam təmsilçisinə keçib. Tərəflər arasında razılaşmaya əsasən, Rosa bir mövsümlük icarə əsasında “Qarabağ”da çıxış edəcək.
12 oktyabr 2002-ci ildə Braziliyanın Salvador şəhərində anadan olan Rosa dayaq və mərkəz yarımmüdafiəçisi mövqelərində oynayır. Karyerasına “Vitoriya” və “Qremio” akademiyalarında başlayan futbolçu 2020-ci ildə diqqət çəkən transferlə “Mançester Siti”yə keçib. İngiltərə klubunun sistemi daxilində Belçikanın “Lommel” və Portuqaliyanın “Vizela” komandalarında icarə əsasında çıxış edib. Daha sonra Braziliyanın “Baiya” və “İnternasiyonal” klublarının da formasını geyinib.
Rosa 2025-ci ildən APOEL-də çıxış edir. Ötən mövsüm Kipr çempionatında 30 oyunda 2242 dəqiqə meydanda olub, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Bu göstəricilər onun komandanın əsas heyətində kifayət qədər ciddi rol oynadığını göstərir.
Braziliyalı futbolçunun karyerasının ən diqqətçəkən məqamlarından biri isə 2019-cu ildə U-17 dünya çempionu olmasıdır. Rosa həmin turnirdə Braziliyanın heyətində 5 qol vurub.
“Qarabağ” Rosanı 200 min avro qarşılığında birillik icarəyə götürüb. Müqavilədə müəyyən şərtlər daxilində onun transfer hüquqlarının alınmasını nəzərdə tutan bənd də yer alıb. Rosa cari mövsümdə “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, Ağdam klubu onun transferini 1 milyon avroya rəsmiləşdirməli olacaq. Bu məbləğin 500 min avrosunun APOEL-ə, 500 min avrosunun isə futbolçunun əvvəlki klubu “Baiya”ya çatacağı bildirilir.
Beləliklə, “Qarabağ” heyətinə yalnız Braziliya futbol məktəbinin yetirməsini deyil, “Mançester Siti” sistemində yetişmiş, Avropa təcrübəsi və U-17 dünya çempionluğu olan 23 yaşlı dayaq yarımmüdafiəçini cəlb edib.