İtalyan futbolunun tanınmış simalarından biri, Avropanın “Qızıl buts” sahibi Çiro İmmobile 36 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Ailəsinə daha çox vaxt ayırmaq istədiyini və fiziki olaraq istədiyi səviyyəni nümayiş etdirməkdə çətinlik çəkdiyini bildirən təcrübəli hücumçu futbolla 650-dən çox oyun və 320-dən artıq qolla vidalaşıb.
“Yuventus” akademiyasından məzun olan İmmobile karyerası ərzində “Peskara”, “Torino”, Dortmund “Borussiya”sı, “Sevilya”, “Latsio”, “Beşiktaş”, “Bolonya” və son olaraq Fransa Liqa 1 təmsilçisi “Paris” klubunun formasını geyinib.
Karyerası ərzində dörd dəfə A Seriyasının bombardiri olub (bir dəfə “Torino”, üç dəfə “Latsio” heyətində). 2019/20 mövsümündə vurduğu 36 qolla Avropanın “Qızıl buts” mükafatını qazanıb və A Seriyasında bir mövsümdə ən yüksək nəticələrdən birini təkrarlayıb.
İmmobilenin adının əsas çəkisi məhz “Latsio” ilə bağlıdır. 2016-cı ildən çıxış etdiyi Roma klubunda keçirdiyi 8 ildə əfsanəyə çevrilən futbolçu 340 rəsmi matçda 207 qol vuraraq klub tarixinin ən qolçu oyunçusu adını qazanıb. O, “Latsio” ilə bir İtaliya Kuboku və iki Superkubok sevinci yaşayıb.
2024-cü ilin yayında “Latsio”dan ayrılaraq “Beşiktaş”a keçən İmmobile Türkiyədəki karyerasına unudulmaz start vermişdi.
“Qalatasaray”ı 5:0 hesabı ilə məğlub etdikləri Superkubok matçında dubl edərək komandaya ilk rəsmi kubokunu qazandıran hücumçu, “qara qartallar”ın heyətində keçirdiyi 41 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı.
Superliqada 30 oyuna 15 qol vuran (8-i penaltidən) futbolçu mövsümü komandanın bombardiri kimi başa vursa da, sonradan zədələr və performans enişi səbəbindən 2025-ci ilin iyulunda klubla yollarını qarşılıqlı razılaşma əsasında ayırmışdı.
“Bolonya” və “Paris” klublarındakı qısa dönəmlərdən sonra butsularını mıxdan asan İmmobile İtaliya millisində də iz qoyub.
O, “Skuadra Adzura”nın heyətində 57 oyunda 17 qol vurub. Milli komandadakı ən böyük uğuruna Roberto Mançininin rəhbərliyi altında AVRO-2020-nin qalibi olmaqla imza atıb (turnirdə Türkiyə və İsveçrəyə qol vurub).
İmobiçenin təxminən 17 il davam edən peşəkar yolu dörd dəfə A Seriyası bombardirliyi, “Qızıl buts”, Avropa çempionluğu və “Latsio”nun əfsanəsi statusu ilə yadda qalıb.