FİFA-nın 56 yaşlı prezidenti Canni İnfantino növbəti dəfə qalmaqalların mərkəzindədir. Dünya çempionatının yayım hüquqlarının bir hissəsini investorlara satmaq planlarına görə onsuz da sərt tənqidlərə məruz qalan və bəzi UEFA üzvləri tərəfindən istefası tələb olunan funksioner indi də keçmişi ilə bağlı böyük bir ittihamla üz-üzədir.
Məlumata görə, yeni qalmaqal İnfantinonun UEFA-da baş katib vəzifəsində çalışdığı dövrlə bağlıdır.
Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinin yaydığı məlumata əsasən, 2001-ci ildən evli və dörd qız atası olan İnfantino Avropa futbol qurumunda rəhbər post tutarkən təşkilatın xanım əməkdaşlarından biri ilə gizli sevgi macərası yaşayıb.
İddialara görə, həmin xanım qısa müddət ərzində bir neçə dəfə vəzifəcə yüksəldilib və maaşı artırılıb. Bildirilir ki, o zamankı UEFA prezidenti Mişel Platini bu münasibətlərlə bağlı İnfantino ilə ciddi söhbət edib və nəticədə həmin qadın işdən ayrılmalı olub.
Lakin məsələ bununla bitməyib. İşdən çıxdıqdan sonra İnfantinonun ona böyük məbləğdə təzminat verilməsini təmin etdiyi vurğulanır. Üstəlik, bu vəsait birbaşa UEFA-nın xəzinəsindən ödənilib və qadının gələcək təhsili üçün də maliyyə dəstəyi ayrılıb. “The Telegraph”ın məlumatına görə, söhbət İsveçrə frankı ilə ödənilmiş altı rəqəmli məbləğdən (təxminən 160 min manatdan) gedir.
UEFA iddia edilən xanıma ödənişin həmin vaxt həyata keçirildiyini rəsmən təsdiqləyib. Qurumun sözçüsü nəşrə açıqlamasında bildirib: “Biz bu iddialardan xəbərdarıq və müvafiq şəxsə işdənçıxma müavinətinin ödənildiyini təsdiqləyə bilərik. Ödəniş o dövrdə işdən ayrılan əməkdaşlar üçün qüvvədə olan qaydalara tam uyğun şəkildə edilib. 2016-cı ildən etibarən bu qaydalar sərtləşdirilib və hazırda bütün UEFA əməkdaşlarına şamil edilən yeniliklər müasir, yüksək səviyyəli təşkilatın standartlarını əks etdirir”.
Bununla belə, FİFA Britaniya qəzetinin irəli sürdüyü iddiaları və ifşaları qəti şəkildə təkzib edir. Ali futbol qurumunun nümayəndəsi məsələ ilə bağlı qısa və sərt reaksiya verib: “FİFA prezidenti Canni İnfantino bu ittihamları qətiyyətlə rədd edir və onların həqiqətə uyğun olmadığını bildirir. Qaydaların pozulması və ya qeyri-etik davranışla bağlı istənilən eyham sadəcə böhtandır”.
Xatırladaq ki, Canni İnfantino 2000-2016-cı illərdə UEFA-da müxtəlif rəhbər vəzifələrdə, o cümlədən baş katib kimi çalışıb. O, daha sonra FİFA prezidenti postunda Yozef Blatteri əvəzləyərək dünya futbolunun ali idarəedicisi olub.