Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu və İngiltərə millisinin hücumçusu Eyvan Toni Londondakı gecə klublarının birində yaşanan insidentə görə fiziki zorakılıq və bədən xəsarəti yetirməkdə ittiham olunur.
“TalkSport” nəşrinin məlumatına görə, qalmaqallı hadisə 2025-ci il dekabrın 6-da baş verib. İstintaq materiallarına əsasən, 30 yaşlı futbolçu məkandakı ziyarətçilərdən birinə kəllə zərbəsi endirib. Hadisə yerində saxlanılan təcrübəli hücumçu daha sonra zəmanət müqabilində azadlığa buraxılıb.
London Polisinin yaydığı rəsmi bəyanatda deyilir: “Northempton şəhərindən olan 30 yaşlı Eyvan Toniyə iyulun 31-də bədən xəsarəti yetirməklə hücum etmə maddəsi üzrə rəsmi ittiham irəli sürülüb. O, sentyabrın 24-də Vestminster Maqistrat Məhkəməsi qarşısına çıxacaq”.
Məlumata görə, münaqişədən öncə zərərçəkən şəxs Toni ilə selfi çəkdirmək üçün onun boynundan tutmağa çalışıb. Baş verən əlbəyaxa davasından sonra həmin ziyarətçiyə tibbi yardım göstərilməsi tələb olunub.
Eyvan Toni DÇ-2026-da İngiltərə yığmasının heyətində yer alıb və 3-cü yer uğrunda Fransa ilə keçirilən (6:4) qarşılaşmada start heyətində meydana çıxıb.