DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə turnirdən kənarlaşdıran İspaniya millisinin düşərgəsində böyük coşqu yaşanır. “Furiya Roxa”nın baş məşqçisi Luis de la Fuente matçdan sonra keçirilən mətbuat konfransında rəqiblərinə göz dağı verən olduqca iddialı açıqlamalarla yadda qalıb.
Təcrübəli mütəxəssis komandasının hazırkı durumundan xüsusi fəxrlə danışıb: “Özümüzü məğlubedilməz hiss edirik. Fransa bu gün dünyanın ən yaxşı komandasına qarşı mübarizə aparırdı və bizim əsas üstünlüyümüz də elə budur. Futbolçularım hər bir tərifi tam layiqdirlər. Onlar hər gün böyük fədakarlıq, komanda ruhu və inanılmaz istedad nümayiş etdirirlər.
Bu komandanın oyununu izləmək əsl zövqdür. Fransa ilə matç böyük bir şouya çevrildi. Başqaları üçün çətin görünən şeyləri bu komanda çox asanlıqla edir”.
Xatırladaq ki, İspaniya dünya çempionatındakı ilk matçında Kabo-Verde ilə gözlənilməz heç-heçə (0:0) edərək azarkeşlərini məyus etmişdi. Lakin turnir irəlilədikcə sürət yığan ispanlar pley-offda ardıcıl olaraq Portuqaliya, Belçika və son olaraq Fransanı dayandırdı.
De la Fuente turnirə ağır start vermələrinin planlaşdırılmış taktika olduğunu gizlətməyib: “İlk oyunda qalib gəlməyi çox istəyirdik, lakin çempionat uzun bir prosesdir. Biz planlarımızı elə qurmuşduq ki, ən yaxşı formamızı məhz həlledici matçlarda göstərək. İndi əla formadayıq və oyun səviyyəsi baxımından pik nöqtəmizə çatmışıq”.