DÇ-2026-da Donald Trampın ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasına müdaxiləsi futbol ictimaiyyətində ciddi narazılıq doğurub. Ekspertlər və tanınmış keçmiş hakimlər FİFA-nı qərarlarda ardıcıllıq nümayiş etdirməməkdə və siyasi təzyiqlərə boyun əyməkdə günahlandırırlar. Bu olay getdikcə ali futbol qurumunun baş ağrısına çevrilir.
Britaniyalı eks-hakimlər vəziyyəti İngiltərə millisinin üzvü Carell Kuansanın cəzası ilə müqayisə edirlər. Meksika ilə 1/8 final matçında birbaşa qırmızı vərəqə alan Kuansa üçün FİFA sərt mövqe tutaraq cəzanı iki oyunluq diskvalifikasiyaya qədər artırıb. Maraqlıdır ki, Baloqunun kobudluğu da oxşar qiymətləndirilsə də, ABŞ prezidentinin müdaxiləsindən sonra onun cəzası ləğv edilib.
Hadisəni şərh edən keçmiş britaniyalı referi Kit Hekett sosial şəbəkə hesabında FİFA-nın öz öhdəliklərini yerinə yetirə bilmədiyini və kənar müdaxiləyə şərait yaratdığını qeyd edib. O, hər iki futbolçunun birbaşa qırmızı vərəqəyə layiq kobudluq etdiyini, bu səbəbdən də cəza qərarlarının eyni olmalı olduğunu vurğulayıb. Digər tanınmış eks-hakim Yonas Eriksson da həmkarının fikirlərini dəstəkləyərək futbolda ən vacib prinsipin qərarlardakı ardıcıllıq olduğunu bildirib. İsveçli referinin sözlərinə görə, oyunçular və komandalar arasında heç bir fərq qoyulmamalı olsa da, Kuansa və Baloqun hadisələrində futbol ictimaiyyəti tamamilə bunun əksinin şahidi olub.
Yaranan bu mənfi mənzərə FİFA-nın neytrallığına olan inamı sarsıtmaqla yanaşı, turnirin ədalətli rəqabət prinsipləri ətrafında da ciddi suallar doğurub.