Avropa Liqasına hazırlıq məqsədilə ölkə xaricində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz hazırlıq prosesini yekunlaşdırıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, komandamız hazırlığın ilk mərhələsini 12-16 may tarixlərində Macarıstanda keçirib. Budapeştdə yerli seçmə komanda ilə iki yoxlama oyunu keçirən voleybolçularımız hər iki qarşılaşmada inamlı qələbə qazanıblar (3:0, 3:1).
Daha sonra hazırlıqları Sloveniyada davam etdirən yığmamız mayın 16-dan 29-dək Maribor şəhərində məskunlaşıb. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı yüksək səmərə ilə yadda qalıb. Komandamız burada keçirdiyi yoxlama görüşlərində Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) yığmalarını, eləcə də ABŞ-nin “Colgate” klubunu (3:0) məğlub etməklə hazırlıq dövrünü məğlubiyyətsiz başa vurub.
Azərbaycan millisi Avropa Liqasında mübarizəyə Bakıda start verəcək. İyunun 5-7-də baş tutacaq ilk oyunlarda yığmamızın rəqibləri İsveç və Estoniya komandaları olacaq.