Xosep Qvardiola mövsümün sonunda “Mançester Siti”dən ayrıla bilər. Lakin “şəhərlilər”in rəhbərliyi təcrübəli mütəxəssisi komandada saxlamaq üçün bütün imkanlarını səfərbər edib.
Fichajes nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi Qvardiolanı fikrindən daşındırmaq üçün onun transfer siyahısındakı əsas hədəflərdən birini – PSJ-nin yarımmüdafiəçisi Joau Neveşi heyətə qatmağa hazırlaşır. İspaniyalı baş məşqçinin portuqaliyalı istedadın böyük pərəstişkarı olduğu bildirilir. Hətta Paris klubunun 20 yaşlı ulduz üçün tələb etdiyi 150 milyon avroluq astronomik məbləğ də “Siti”ni yolundan döndərmir.
Qeyd edək ki, Neveş cari mövsümdə PSJ forması ilə bütün turnirlərdə 29 matça çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun parislilərlə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfer şayiələri ilə yanaşı, Qvardiola Premyer Liqadakı gərgin çempionluq yarışı barədə də danışıb. İnsayder Fabrisio Romanonun paylaşımına görə, baş məşqçi turnir cədvəlindəki vəziyyətdən narahat olmadığını bildirib: “Qətiyyən narahat deyiləm. Əsl təzyiqi və həyəcanı ötən mövsüm yaşamışdıq. İndi isə həmişəkindən daha sakitik. Hətta “Arsenal” üzərindəki qələbədən sonra belə bu soyuqqanlılığımızı qoruyuruq”.
Xatırladaq ki, doğma meydanda “Arsenal”ı 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” çempionluq intriqasını maksimuma çatdırıb. Hazırda “şəhərlilər” 67 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. Lider “Arsenal”ın aktivində 70 xal olsa da, “topçular” rəqibindən bir oyun çox keçiriblər. Bu isə o deməkdir ki, itirilmiş xallar baxımından hər iki komanda eyni mövqedədir.