Premyer Liqanın 27-ci turunda səfərdə “Karvan-Yevlax”a 1:4 hesabı ilə “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra mətbuat konfransında həm oyunun nəticəsini dəyərləndirib, həm də həftəiçi komandanın məşqlərində iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Komandadakı kadr itkilərinin nəticəyə təsir etdiyini vurğulayan mütəxəssis, son turlardakı enişdən narahatlığını gizlətməyib: “Bu gün heyətlə bağlı itkilərimiz var idi. Rotasiyalara əl atsaq da, bu, istənilən effekti vermədi. Açığı, “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm. “Qəbələ” ilə matçda olduğu kimi, bu gün də çox bəsit qollar buraxdıq. Artıq irəliyə baxmaq məcburiyyətindəyik”.
Bağırov cari məğlubiyyətin komandanın psixoloji durumuna təsir edib-etməyəcəyi ilə bağlı suala kəskin cavab verib. O, “Kəpəz”in hazırkı mövqeyinin gəldiyi günlə müqayisədə daha ürəkaçan olduğunu xatırladıb: “Mən bura gələndə 7 oyundan sonra komandanın 0 xalı var idi, tam bir xaos hökm sürürdü. Şükürlər olsun ki, bu gün sonuncu pillədən kifayət qədər uzaqlaşmışıq. Heyətdəki itkilər bizə ciddi təsir edir, lakin qarşıdakı görüşlər üçün toparlanmalıyıq. Uduzmağı da bacarmaq lazımdır, amma necə uduzmaq önəmlidir. İnanıram ki, daha yaxşı olacağıq”.
Baş məşqçi həftəiçi məşqlərə çıxmaması ilə bağlı iddialara da son qoyub. O, bəzi proseslərdən kənarda qalmasını şəxsi səbəblərlə əlaqələndirib: “Məşqlərdə iştirak etməməyim barədə deyilənlər həqiqəti əks etdirmir. Sadəcə, bərpa məşqləri zamanı komandanın yanında olmamışam ki, bu da normaldır. Həmin hazırlığı köməkçilərim idarə edib. Ailəvi məsələlərlə bağlı Bakıda olmalı idim. Biz bütün günümüzü Gəncədə keçiririk, lakin ailə problemlərini də həll etmək vacibdir. Hazırda hər şey qaydasındadır”.