Misli Premyer Liqanın 26-cı turu çərçivəsində baş tutan “İmişli” – “Turan Tovuz” (1:1) qarşılaşmasından sonra ev sahiblərinin baş məşqçisi Jorje Kaşkilya mətbuat konfransında çıxış edib. Portuqaliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirsə də, əldən verilən qələbəyə görə təəssüfünü gizlətməyib.
Futbolçularının performansını yüksək qiymətləndirən Kaşkilya, komandada müsbətə doğru dəyişikliklərin olduğunu vurğulayıb: “İlk növbədə oyunçularımı təbrik etmək istəyirəm. Komanda artıq özünə gəlib və real gücünü göstərməyə başlayıb. Mövcud şəraitdə biz turnir cədvəlindəki yerindən asılı olmayaraq, istənilən rəqibə çətinlik yaşatmaq iqtidarındayıq”.
Baş məşqçi oyunun gedişatını analiz edərək, buraxılan qolun səbəblərinə də toxunub. O, xüsusilə müdafiə xəttindəki məcburi dəyişikliyin oyunun ritminə təsir etdiyini qeyd edib: “Qol vurana qədər müəyyən çətinliklərimiz olsa da, ümumilikdə taktiki planda tapşırıqları düzgün yerinə yetirdik. Müdafiəçilərimiz arasında yaşanan anlaşılmazlıq rəqibin hesabı bərabərləşdirməsinə şərait yaratdı. Morganın zədələnib meydanı tərk etməsindən sonra müdafiə xəttində müəyyən pərakəndəlik yarandı”.
İkinci hissədə daha sadə və effektiv futbol oynadıqlarını deyən Kaşkilya, nəticənin oyuna görə olmadığını bildirib: “Fasilədən sonra daha yığcam oynamağa başladıq. Hesab əslində 2:1 xeyrimizə olmalı idi. Qələbəyə layiq tərəf biz idik, lakin səfərdən xalla qayıtmaq da turnir baxımından önəmlidir”.