AFFA və “Eyeball” şirkəti arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. İmzalanma mərasimindən sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və “Eyeball” şirkətinin direktoru Manfred Lerli mətbuat nümayəndələri üçün brifinq keçirərək layihənin detallarını açıqlayıblar.
AFFA rəsmisi Elçin Məmmədov bildirib ki, yeni platforma ilk növbədə aşağı yaş qruplarından ibarət liqaların inkişafına və seleksiya işlərinin şəffaflaşmasına xidmət edəcək: “Bu platformada U-15 liqasından başlayaraq bütün futbolçuların göstəriciləri və məlumatları toplanacaq. Əsas məqamlardan biri odur ki, yerli klublarımız öz oyunçularının statistikası və datası üçün heç bir ödəniş etməyəcəklər. Bu gün artıq klub məşqçiləri üçün xüsusi təlimlərə başlayırıq. Məqsədimiz milli komandalara ən layiqli namizədlərin seçilməsini təmin etməkdir”.
Məmmədovun sözlərinə görə, layihə təkcə oğlanlar deyil, həm də qızlar futbolunu əhatə edəcək (U-16-dan başlayaraq). Hazırda əsas diqqət gənclər sektoruna yönəldiyi üçün Misli Premyer Liqası hələlik bu sistemə daxil edilməyib.
Müqavilənin ən cəlbedici tərəfi azərbaycanlı futbolçuların xarici skautların diqqətinə çatdırılmasıdır. Elçin Məmmədov qeyd edib ki, növbəti iki il ərzində Avropa klubları azərbaycanlı futbolçuların məlumat bazasına ödənişsiz giriş əldə edəcəklər: “Bu ideya üzərində aylardır işləyirdik və bir neçə şirkətlə danışıqlar apardıq. Əsas hədəfimiz gənclərimiz üçün Avropa klublarının qapılarını açmaqdır. Bu, futbolçularımız üçün böyük şansdır”.
“Eyeball” şirkətinin direktoru Manfred Lerli isə platformanın geniş şəbəkəyə malik olduğunu və skautinq prosesində innovativ yanaşma tətbiq etdiklərini vurğulayıb: “Biz azərbaycanlı futbolçuların platforma üzərindən skautinqi üçün komissiya və ya əlavə ödəniş tələb etməyəcəyik. Platformamızla çox sayda nüfuzlu klub əməkdaşlıq edir. Hazırda regionda aktivik, hətta Özbəkistanla da danışıqlar aparırıq. Azərbaycan futbolu haqqında məlumatlıyıq. Məqsədimiz həm klublara, həm də bütövlükdə regiona öz potensialını dünya futboluna nümayiş etdirməkdə kömək etməkdir”.İkiillik nəzərdə tutulan bu əməkdaşlığın gələcəkdə müddətinin uzadılması planlaşdırılır. Bu tərəfdaşlıq Azərbaycan futbolunda rəqəmsallaşma və beynəlxalq transfer bazarına inteqrasiya yolunda mühüm addım kimi qiymətləndirilir.