Bu gün Şəmkirdə keçirilməsi planlaşdırılan “Şəmkir” – “Xankəndi” qarşılaşması gözlənilməz “forma qalmaqalı” səbəbindən baş tutmayıb.
Hadisənin xronologiyası
Qayda pozuntusu: PFL-in reqlamentinə görə, klublar geyim rəngləri barədə 2 gün əvvəl məlumat verməli olsa da, “Şəmkir” rəng seçimini oyunun başlamasına cəmi 20 dəqiqə qalmış elan edib.
Geyim problemi: “Şəmkir”in son anda seçdiyi rənglər “Xankəndi”nin gətirdiyi hər iki dəst forma ilə üst-üstə düşüb. Meydan sahibləri alternativ variant təklif etməkdən boyun qaçırıblar.
“Barselona” forması ilə həll variantı: Yaranmış vəziyyətdən çıxış yolu kimi “Xankəndi” klubu öz vəsaiti hesabına “Barselona”nın formalarını alaraq loqoları bağlamağı və nömrələri hazırlamağı təklif edib. Bu səbəbdən oyunun startı saat 15:00-dan 16:30-a keçirilib.
Gözlənilməz imtina:Saat 16:15-də forma problemi həll edilsə də, “Şəmkir” tərəfi qəfildən oyuna çıxmaqdan imtina edərək meydanı tərk edib.
AFFA nümayəndəsi matçın keçirilməsi üçün hər cür şərait yaratsa da, meydan sahiblərinin qeyri-etik davranışı oyunun baş tutmasına mane olub. İndi hər kəs AFFA İntizam Komitəsinin qərarını gözləyir. Böyük ehtimalla, “Şəmkir” klubuna texniki məğlubiyyət veriləcək.