“Real” Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” səddini aşdı və bu uğurun əsas memarı Vinisius Junior oldu. Madrid klubunun qalmaqallı forvardı təkcə irqçilik mövzusundakı kəskin reaksiyaları ilə deyil, həm də yüksək fərdi göstəriciləri ilə diqqət mərkəzinə düşdü.
Braziliyalı ulduz Joze Mourinyonun rəhbərlik etdiyi komandaya qarşı həm Lissabonda, həm də “Bernabeu”da qol vuraraq qarşıdurmanın taleyini faktiki olaraq həll etdi. Növbəti mərhələdə “Kral klubu”nun rəqibi “Mançester Siti” və ya “Sportinq” olacaq.
“Real”da artıq səkkizinci mövsümünü keçirən Vinisius, Çempionlar Liqasının pley-off mərhələsində “qol+ötürmə” sistemi üzrə klubun ən məhsuldar oyunçusudur. “AS” nəşrinin məlumatına görə, o, turnirdəki 20 qarşıdurmanın 17-də effektiv oyunu ilə yadda qalıb. Ümumilikdə isə pley-offun 37 matçında 14 qol vurub və 12 assist edib.
Pley-offda vurduğu bu 14 qol Vinisiusu turnirin bu mərhələsində ən yaxşı braziliyalı bombardirə çevirib və o, 13 qolla Neymarı geridə qoyub. “Real”ın Avropa Çempionlar Kuboku/Liqası tarixindəki ən yaxşı snayperləri siyahısında isə braziliyalı artıq 32 qolla altıncı pillədədir.
Vinisius indi yalnız klubun əfsanələridən geri qalır:
Ferens Puşkaş – 35 qol
Alfredo Di Stefano – 49 qol
Raul – 66 qol
Kərim Benzema – 78 qol
Kriştiano Ronaldo – 105 qol
Vinisiusun hazırkı forması da öz sözünü deyir. O, ardıcıl beş oyundur qol vurur, fevralı isə 6 qolla tamamlayıb. Belə seriyanı forvard sonuncu dəfə 2022/23 mövsümünün startında göstərmişdi. İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı qol vuraraq üç aylıq “qol quraqlığına” son qoyan braziliyalı, yenidən öz vərdiş etdiyi səviyyəyə – hər mövsüm ən azı 20 qol həddinə yaxınlaşıb.