“Bavariya” və “Real” arasındakı son illərin qarşıdurmaları tez-tez hakim qalmaqalları ilə yadda qalır. Qarşıdakı böyük oyunu ingiltərəli referi Maykl Oliver idarə edəcək. Maraqlıdır ki, Oliver ötən yay hətta Kilian Mbappeni də özündən çıxarmağı bacarmışdı.
“Kral klubu” üçün uğurlu rəqəm. İngiltərəli hakimin idarə etdiyi oyunlar “Real” üçün adətən xoş sonluqla bitir. Oliverin rəhbərlik etdiyi 4 matçın 3-də (“Olimpiakos”, “Braqa” və UEFA Superkubokunda “Ayntraxt”la oyunlar) Madrid təmsilçisi qələbə qazanıb.
Yeganə məğlubiyyət 2017/18 mövsümündə “Yuventus”la cavab oyununa (1:3) təsadüf edir. Lakin həmin matçda Oliverin son dəqiqələrdə təyin etdiyi penalti və Canluici Buffona göstərdiyi qırmızı vərəqə hələ də unudulmayıb. Məhz həmin vaxt əfsanəvi qapıçı hakim haqqında o məşhur ifadəni işlətmişdi: “Onun sinəsində ürək yerinə zibil qabı var”.
“Bavariya”nın “qələbə zəmanəti”. Münhen təmsilçisi Maykl Oliverlə daha çox qarşılaşıb – 7 oyun, 6 qələbə. “Rekordmayster” onun rəhbərliyi altında “Beşiktaş”, “Atletiko”, “Barselona” və PSJ kimi klubları məğlub edib.
Ötən baharda “Bayer”lə oyunda Qranit Caka hakimin qərarından narazı qalsa da, həmin qarşıdurmadan da “Bavariya” qalib ayrılmağı bacarmışdı (ümumi hesab 5:0).