Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaxın günlərdə 20 yaşadək futbolçulardan ibarət milli komandanın yeni baş məşqçisini elan etməyə hazırlaşır. Bu təyinat Azərbaycan futbolu üçün xüsusi strateji önəm daşıyır. Belə ki, yeni baş məşqçi yığmanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi gənclər arasında Dünya Çempionatına hazırlayacaq.
Son bir ay ərzində Bakıda aparılan müzakirələrdən sonra namizədlər siyahısı iki nəfərə qədər daralıb. Hazırda əsas favorit portuqaliyalı mütəxəssis Rui Jorje hesab olunur. O, 2010–2025-ci illər aralığında Portuqaliyanın U-21 yığmasına rəhbərlik edib. Beynəlxalq arenada gənc istedadlarla uzunmüddətli və uğurlu iş təcrübəsi AFFA rəhbərliyinin seçimində həlledici rol oynayır.
Siyahıda ikinci ciddi namizəd “Sabah” klubunun U-19 komandasının baş məşqçisi Adino Mustedanagiçdir. Yerli futbol mühitinə yaxından bələd olması və klub səviyyəsində gənclərlə əldə etdiyi uğurlu nəticələr onu bu vəzifə üçün real namizədə çevirib.
Qeyd edək ki, ilkin mərhələdə müzakirə olunan üçlükdə “Trabzonspor”un hazırkı baş məşqçisi Fatih Tekkenin də adı var idi. Lakin son məlumatlara görə, seçim prosesi artıq Rui Jorje və Adino Mustedanagiç üzərində cəmləşib.Dünya çempionatının ev sahibi kimi Azərbaycan yığmasının üzərinə böyük məsuliyyət düşür. Yeni təyin olunacaq baş məşqçinin əsas vəzifəsi qısa müddət ərzində dünya nəhəngləri ilə rəqabət aparacaq perspektivli və güclü heyət formalaşdırmaq olacaq.