Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop “Kəpəz” PFK-nın bazasını ziyarət edib. Klubun akademiyasında baş tutan görüşdə icraçı direktor Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov, komandanın kapitanı Əli Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş zamanı qonağa klubun infrastrukturu, akademiyanın fəaliyyəti və son dövrlərdə görülən yenidənqurma işləri barədə ətraflı məlumat verilib. İcraçı direktor R.Məmmədov ziyarətin xatirəsi olaraq baş konsula “Kəpəz”in formasını hədiyyə edib.
Tərəflər gələcəkdə idman sahəsində birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra komandanın məşqini izləyən Rəcəb Öztop futbolçulara uğurlar arzulayıb və “Kəpəz”in Gəncədəki oyunlarını stadiondan canlı izləyəcəyini vurğulayıb.