Afrika Millətlər Kubokunun dramatik finalı təkcə meydandakı oyunla deyil, həm də qarşılaşmadan sonra verilən sərt intizam qərarları ilə futbol dünyasının gündəminə düşüb. Seneqal millisinin çempionluğu ilə başa çatan matçdan sonra Afrika Futbol Konfederasiyası (CAF) hər iki komandanı və futbol funksionerlərini ağır sanksiyalara məruz qoyub.
Seneqalın 1:0 hesablı qələbəsi ilə yekunlaşan final oyununun ən gərgin anları ikinci hissəyə əlavə olunmuş 24-cü dəqiqədə yaşanıb. Mərakeşli oyunçu Brahimin penalti zərbəsini “panenka” üslubunda yerinə yetirməsi, lakin qapıçı Eduar Mendinin bu topu asanlıqla dəf etməsi matçın qırılma nöqtəsi olub. Penalti təyini zamanı yaşanan etirazlar o həddə çatıb ki, Seneqal millisi bir müddət meydanı tərk edib. Məhz bu hərəkətlər və matç boyu davam edən insidentlər CAF-ın sərt qərarlarına zəmin yaradıb.
CAF-ın İntizam Komitəsi Seneqalın baş məşqçisi Pap Tiavanı “qeyri-idman davranışı”na görə 5 oyunluq disvalifikasiya edib və 100 min dollar mərimə kəsib. Komandanın aparıcı üzvləri İliman Ndiay və İsmayila Sarr da hakimə qarşı davranışlarına görə 2 oyunluq cəza alıblar. Seneqal Futbol Federasiyası isə həm komandanın, həm də azarkeşlərin tribuna iğtişaşlarına görə ümumilikdə 615 min dollar məbləğində rekord cərimə ödəyəcək.
Mərakeş tərəfinin “Seneqal meydanı tərk etdiyi üçün nəticə ləğv edilsin” tələbi CAF tərəfindən rədd edilib. Əksinə, Mərakeş Kral Futbol Federasiyası da intizamsızlığa görə 315 min dollar cərimələnib. Buna səbəb kimi topdaşıyanların davranışı, VAR zonasına icazəsiz müdaxilələr və azarkeşlərin lazer işıqlarından istifadə etməsi göstərilib.
Komandanın ulduz futbolçusu və kapitanı Aşraf Hakimi 2 oyunluq (biri şərti), qapıçıya dəsmalını götürməyə mane olan İsmael Saybari isə 3 oyunluq cəza alaraq komandalarını vacib oyunlarda yalnız qoyublar.