“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti rəqibi “Slaviya” Çexiya çempionatında növbəti qələbəsini qazanıb.
Praqa təmsilçisi səfərdə “Jlin”i minimal hesabla məğlub edib – 1:0. Görüşdə yeganə qolu 16-cı dəqiqədə Emmanuel Ayaosi vurub. O, Lukaş Provodun ötürməsindən sonra baş zərbəsi ilə fərqlənib.
“Slaviya” ilk hissədə üstün oynasa da, fasilədən sonra fərqi artırmaq üçün bir neçə fürsəti boşa verib. 70-ci dəqiqədə Provodun cərimə meydançasında yıxılmasından sonra təyin edilən penalti VAR müdaxiləsi ilə ləğv olunub. Hakim qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyini müəyyənləşdirib. Novakanın cərimə zərbəsi isə rəqibin müdafiə səddinə tuş gəlib.
Beləliklə, “Slaviya” Çempionlar Liqasında “Sabah”la qarşılaşma öncəsi vacib üç xal qazanıb, lakin oyunda yaratdığı fürsətləri reallaşdırmaqda çətinlik çəkib.