Çempiomlar Liqasındakı təmsilçimiz “Sabah” uğurlu çıxışını davam etdirərək ölkəmizin UEFA əmsallar cədvəlindəki hesabına növbəti xalları yazdırıb.
Valdas Dambrauskasın yetirmələri turnirin I təsnifat mərhələsinin cavab oyununda Uelsin “Nyu Seynts” klubunu 2:1 hesabı ilə məğlub edib. İlk matçda da rəqibindən üstün olan (2:0) paytaxt təmsilçisi növbəti mərhələyə adlayıb. “Sabah”ın II təsnifat mərhələsindəki rəqibi Finlandiyanın “KuPS” klubu olacaq.
Qazanılan bu vacib qələbə sayəsində ölkəmizin UEFA reytinqindəki mövqeyi bir qədər də möhkəmlənib. Hesabına növbəti 0,250 xal yazdıran Azərbaycan cari mövsüm üçün əmsalı 1,000 həddinə yüksəlib. Bununla da ümumi xalını 19,562-yə çatdıran ölkəmizin UEFA-nın əmsallar cədvəlində 26-cı pillədəki yerini qoruyub.
Hazırda milli bizimkilərin ən yaxın hədəfi hesabında 20,750 xal olan və 25-ci pillədə qərarlaşan İsraildir. Azərbaycanın dərhal ardınca gələn və bizi yaxından təqib edən ölkələr isə Slovakiya və Bolqarıstandır. Təmsilçilərimizin növbəti mərhələlərdə qazanacağı hər bir uğurlu nəticə bu fərqi qapatmağa və reytinqdə daha da irəliləməyə imkan verəcək.