Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə həm iclasın nəticələri, həm də idman ictimaiyyətini maraqlandıran bir sıra mühüm məqamlara aydınlıq gətirib.
Günün ən diqqətçəkən hadisəsi Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış bəzi medalların yeniləri ilə əvəzləməsi olub. Ç. Hüseynzadə bildirib ki, bəzi medalların üzlük qatında yaranmış problemlə bağlı müraciət müsbət cavablandırılıb: “Nəhayət, Olimpiya medalları yenisi ilə əvəz olundu və biz onları idmançılarımıza təqdim etdik. Əsasən Qaşım Maqomedovun (gümüş) və Həsrət Cəfərovun (bürünc) medalları yararsız vəziyyətdə idi. Digər mükafatçılarımız — Hidayət Heydərov, Zelim Kotsoyev, Alfonso Dominqes, Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili ilə əlaqə saxladıq, onlar öz medallarında hər hansı problem olmadığını bildirdilər”.
Azərbaycanın müstəqil dövlət kimi qatıldığı ilk Olimpiada olan “Atlanta-1996″nın qarşıdan gələn 30 illik yubileyi genişmiqyaslı tədbirlərlə qeyd olunacaq. Vitse-prezidentin sözlərinə görə, bu tarixi hadisə münasibətilə xüsusi kitab dərc olunacaq və sənədli film çəkiləcək. Filmdə Azərbaycan nümayəndə heyətinin nadir görüntüləri və fotoları yer alacaq. Bundan başqa, yubiley çərçivəsində həmin illərdə zəhməti olan, lakin hazırda unudulmuş simalar yad ediləcək.
İclasda idmanın inkişaf strategiyası ilə bağlı mühüm qərarlar qəbul edilib. Xüsusilə komanda idman növlərindəki boşluqları doldurmaq üçün Ekspertlər Şurası yaradılır. Şurada hər idman növü üzrə bir mütəxəssis təmsil olunacaq ki, bu da MOK-un həmin sahələrdəki fəaliyyətdən daha yaxından xəbərdar olmasına şərait yaradacaq.
Çingiz Hüseynzadə sonda qeyd edib ki, MOK-un fəaliyyəti bundan sonra da fəal fazada davam edəcək, mütəxəssislərin hazırlığı və yeni layihələrin icrası prioritet təşkil edəcək.