Fernandu Santuş istefaya məcbur edildi. Futbol ictimaiyyəti əməlli-başlı şadyanalıq edir. Roma müdriki Tatsitin belə bir kəlamı yadıma düşdü: “Adam nə qədər günahkardırsa nəzərləri yayındırmaq üçün o qədər çox qurban axtarır”. İndi sanki bütün günahkarlar yığışıb bir ağızdan qoca Santuşu göstərirlər. Futbolumuzun bu vəziyyətə düşməsinin baiskarı odur. Onu bəh-bəhlə gətirən AFFA bu yarışmada hamıdan cəld tərpəndi. Tənqid dalğasının gələcəyini hiss edərək İslandiya ilə oyundan sonra baş katib Cahangir Fərəcullayev Santuşa elə qəzəbləndi ki, məşhur Azərbaycan filmindəki bir ifadə yadıma düşdü: Uşaqda fərasətə bax! Düzdür, portuqaliyalı qocanı Azərbaycan futboluna Fərəcullayev şəxsən sırımayıb. Amma Fərəcullayev AFFA-nın rəhbəri kimi danışırdı və elə danışdı ki, sanki günahkar bir Santuşdur, bir də jurnalistlər. AFFA yalvar-yaxar inadkar məşqçidən yaxalarını qopara bildi. Bütün günahları onun ayağına yazıb dalınca da qara bir daş atıb yeni məşqçi gətirəcəklər. Əsas vaxt udmaqdır. Bir az da bu məşqçi ilə baş qatacaqlar. Emosiyalar sakitləşəcək, ümidlər yaranacaq. Beləcə 30 ildir yola veririk. Karlos Alberto Torres, Qyoko Hacıyevski, Robert Prosineçki, Cianni de Byazi gedəndə də belə bir mənzərə var idi. Hər dəfə də başımız daşa dəyir ki, sən demə bu daha pis imiş, əvvəlkinə şükür. Papağını qabağına qoyub düşünən yoxdur k, a kişilər, bir dayanın görək, problem doğrudanmı milli komandanın baş məşqçisindədir? Axı heç yerlilər də bir işə yaramayıblar. Heç haqqında təriflər yağdırılan Qurban Qurbanov da milli ilə uğurlu ola bilmədi. Tariximizə Kosovo kimi cırtdan ölkəyə 0:4 məğlubiyyəti qoyub getdi. Hamı “Qarabağ” nümunəsini uğur modeli kimi gözümüzə soxur. Bunun cavabını Robbi Kin verdi. “Qarabağ”ı Azərbaycan hesab etməyin” dedi. Orada xarici futbolçular oynayır”. “Qarabağ”ın uğurundan başımız elə dumanlandı ki, acı həqiqəti qəbul edə bilmədik. Əslində isə milli komandanın bu günkü uğursuzluğunun bir cümlə ilə izahı idi. Birdə ki, Robbi Kin də yanılırdı. “Qarabağ” elə bu günkü Azərbaycan futbolunun güzgüsüdür. 8-9 legioner, 3 yerli. O üç yerlidə açıq-aşkar ustalıqda geri qalan oyunçu. Bəli, “Qarabağ”ın qitənin mötəbər turnirində oynaması ölkə adına hamımızı fərəhləndirir. Qurban Qurbanovun əməyi də danılmazdır. Eyni kollektivi başqa bir məşqçiyə versən eyni uğuru qazana bilməyəcək. Amma gəlin seçim edək, biz hansı inkişaf modelini seçirik. İllərdir ki, klublara ekzotik ölkələrdən, dünyanın dörd bir yanından legionerləri gətirib doldurmaq yarışına çıxıb, 9 legionerlərlə oynayıb bu gün nə isə əldə etmək yolunu tutmuşuqsa o zaman millidən niyə möcüzə gözləyirsiniz. Məgər legioner limiti ləğv olunanda hansısa məşqçi əleyhinə səs çıxardımı? Yox, çünki, onlar şəxsi maraqlarını güdür, həm maddi, həm nəticə. Bu gün gətirim doldurum legionerləri, dünyanın parasını xərcləyim, Liqanın qrupuna düşüm, ya da bircə mərhələ keçim, vəssalam. 20-30 ildi futboldan milyonlar qazananlar da düşüblər Santuşun üstünə. Axı, siz özünüz nə etmisiniz? Hər kəs əlinə bir balta alıb futbol ağacını baltalayıb bir budaq qoparır, sonra da hamısı olur müqəddəs. Bir tək yorulmadan, amma obyektiv yazan jurnalistlər istisna olmaqla heç kimin milli komandadan uğur gözləməyə haqqı yoxdur. Çünki, milli futbolla məşğul olan olmayıb. Hamı bu günü üçün çalışıb, sabahı baltalamaq bahasına da olsa, bu gün milyonlar xərcləyib nəticə qazanıb, amma gələcəyə dəxili olmayan nəticə. 20 il qabaq bu yola çıxan hər bir futbol adamı yaxşı bilirdi ki, bu gün ölkədə normal futbol oynaya bilən olmayacaq. “Qarabağ”a xərclənən pullarla Avropa miqyasında ortabab bir komanda yaratmaq olar və yaradıblar da. Ölkə adına təbliğat baxımından bunu anlamaq da olar. Amma əgər “Qarabağ” belə (bardaq və xaosla pulları sağa-sola səpələyən o biri klublardan danışmağa dəyməz) son 20 ildə bir dənə normal futbolçu yetişdirməyibsə niyə milli komandadan nə isə gözləyirsiniz? Bir həftəlik klub düşərgəsinə gələn futbolçu transformer kimi çönüb başqa cildə girməlidir? Biz başqa modeli seçmişik. Güclü klub, zəif yığma. Gürcüstanın klubları zəifdir, amma millisi güclü. Buna o qədər misal var ki. Son 20 ildə verilən qərarlar, görülən işlər, istər AFFA-da, istər klublarda yalnız bu günün prizmasından yanaşılıb. Nəticə də belə olmalı idi.