“Sivitas Metropolitano” stadionunda keçirilən Madrid derbisində “Atletiko” “Real”ı 5:2 hesabı ilə darmadağın edib. Oyunda “Kral klubu” 2:1 hesabı ilə irəli çıxdıqdan sonra meydan sahibləri geridönüş etməyi bacardı. “Hindular”ın heyətində əvvəlcə Aleksander Sörlot ilk hissənin sonlarında bərabərlik qolunu vurdu. Ardınca Xulian Alvarezin dublu fərqi 2-yə çatdırdı. Matçda son nöqtəni isə 90+3-cü dəqiqədə Antuan Qrizmann qoydu.
Bu, “Real Madrid”in cari mövsümündə ilk məğlubiyyəti oldu. İlk 6 turu qələbə ilə başa vuran madridlilər məğlubiyyətə baxmayaraq 18 xalla liderliyini qoruyur. “Barselona” liderdən 2 xal geri qalır və sabah “Real Sosyedad” üzərində qələbə qazanacağı halda zirvəyə yüksələcək.
Qeyd edək ki, “Real Madrid” sonuncu dəfə “Atletiko”dan 75 il əvvəl 5 qol buraxmışdı. Bu tarixi qələbə Dieqo Simeonenin komandasının uğursuz startını kompensasiya etmiş oldu.