Bakı Kristal Zalında ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumunun rəsmi açılış mərasimi baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müasir yanaşma və peşəkar məsuliyyət
Açılışda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun yerli mütəxəssislər üçün strateji əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, məşqçilik fəaliyyəti yüksək məsuliyyət, səbir və böyük enerji tələb edən çətin bir peşədir: “Mütəxəssislərimiz iş prosesində müxtəlif psixoloji və insani amillərlə qarşılaşırlar. Müasir dövrün tələbləri dəyişir, buna görə də bəzi sahələrdəki geriləmələri aradan qaldırmaq üçün idmançı-məşqçi münasibətləri yeni dövrün standartlarına uyğun, daha sağlam təməllər üzərində qurulmalıdır“.
F. Qayıbov çətin və şərəfli fəaliyyətlərinə görə məşqçilərə təşəkkürünü bildirərək, forumun bu sahədəki aktual problemlərin həlli üçün effektiv platforma olacağını diqqətə çatdırıb.
Panel müzakirələri və aktual mövzular
Tədbir işini tanınmış mütəxəssislərin iştirak etdiyi panel iclaslarla davam etdirib. Müzakirələrdə Qurban Qurbanov, Faiq Həsənov, Namiq Abdullayev və Morteza Validarvi kimi peşəkarlar təcrübələrini bölüşüblər.
Forumun xüsusi maraq doğuran hissələrindən biri isə “Dopinq” mövzusuna həsr olunub. Bu paneldə Təhminə Tağı-zadə və Haydar Demirel çıxış edərək, idmanda təmizliyin qorunması və antidopinq siyasətinin müasir aspektləri barədə məlumat veriblər.