Dünya futbolunun əfsanəvi simalarından biri, ömrünü yaşıl meydanlara həsr etmiş Mirça Luçeskunun vəfatından əvvəlki son söhbətləri üzə çıxıb. Rumıniyalı jurnalist Horiya İvanoviç təcrübəli mütəxəssislə bağlı ürəkdağlayan xatirələrini bölüşərək, Luçeskunun son nəfəsinə qədər futboldan qopmadığını bildirib.
İvanoviçin sözlərinə görə, təcrübəli baş məşqçi ölümündən bir qədər əvvəl Türkiyə ilə keçiriləcək qarşılaşmaya köklənibmiş. Futbol eşqi ilə çırpınan Luçeskunun son planları bu sözlərdə gizlənib: “Türkiyə ilə oyuna hazırlaşırdım. Bu matçı səbirsizliklə gözləyirdim və mərhələni keçəcəyimizə tam əmin idim”.
Jurnalist qeyd edib ki, əfsanəvi məşqçi səhhətindəki problemlərə rəğmən, daim xəbərləri izləyir və gündəmdən geri qalmırdı. Ürək tutmasından qısa müddət əvvəl baş tutan telefon danışığında Luçeskunun işlətdiyi bir cümlə indi hər kəsi kədərə qərq edib. İvanoviç həmin anları belə xatırlayır: “Mənə “narahat olma, istirahət etmək üçün hələ çox vaxtım olacaq” dedi. Bu sözlər onun gedişindən sonra tam fərqli və hüzünlü bir məna qazandı”.
Son aylar səhhətinin sürətlə pisləşməsindən təəccüblənən Luçesku, fiziki durumunun işinə mane olmasından duyduğu məyusluğu da gizlətməyib. O, ömrünün son günlərində taleyinə bu qısa, lakin ağır cümlə ilə etiraz edib: “Qocalıq ədalətsizdir…”
Dünya futbolu təkcə böyük bir taktiki zəkanı deyil, həm də son saniyəsinə qədər peşəsinə aşiq olan bir fədakarı itirdi. Mirça Luçeskunun adı futbol tarixinə silinməz izlərlə həkk olundu.