“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze komandanın hazırlıq prosesi və yeni transferlər barədə klubun rəsmi saytına geniş müsahibə verib. Təcrübəli mütəxəssis çempionatın ikinci yarısına hazırlıq dövrünü və qarşıdakı hədəfləri dəyərləndirib.
Hazırlıq prosesi və Qəbələdəki şərait
Tsxadadze yanvarın 4-dən başlayan təlim-məşq toplanışının intensiv keçdiyini bildirib: “Məşqlərdə yükləmələr kifayət qədər çoxdur. Hazırlıq üçün Qəbələdə hər cür şərait olduğu üçün başqa yerə getməyə ehtiyac duymadıq. Meydançaların vəziyyəti və istirahət imkanları bizi tam qane edir. Artıq ilk yoxlama oyunumuzu ‘Kəpəz’ə qarşı keçirib qələbə qazanmışıq. Təbii ki, ilk oyun olduğu üçün səhvlərimiz az deyil. Daha yaxşı çıxış etməli olduğumuzu bilirik. Çempionatın başlamasına cəmi iki həftə qalıb, ona görə də qısa müddətdə həm fiziki, həm də taktiki formamızı bərpa etməliyik”.
Yeni transferlərin vəziyyəti
Baş məşqçi komandaya yeni qoşulan futbolçuların adaptasiya prosesinə də toxunub:
İsmaeel Akinade: Kəpəz”lə matçda debüt edib qol vuran hücumçuya hələ vaxt lazımdır. Hücumameyilli oyunçuların uyğunlaşması adətən daha çox zaman tələb edir.
Seydina Keyta: Xəstəlik səbəbindən iki gün məşqlərdən kənarda qaldığı üçün “Kəpəz”lə oyunda risk edilərək meydana buraxılmayıb.
Tsxadadze hər iki futbolçunun işə yanaşmasından razı olduğunu və təcrübələri sayəsində tezliklə komandaya tam uyğunlaşacaqlarına inandığını vurğulayıb.
Transfer çalışmaları və növbəti oyunlar
Klubun transfer bazarında aktivliyini davam etdirdiyini qeyd edən gürcü mütəxəssis, bəzi mövqelərin gücləndirilməsi üzərində iş getdiyini bildirib: “Klubun direktoru Səbuhi Səfiyarlı ilə birlikdə bu istiqamətdə diqqətlə çalışırıq. Səhv etmək lüksümüz yoxdur. Ümid edirəm ki, yeni transferləri tezliklə yekunlaşdıracağıq”.
“Qəbələ”nin növbəti yoxlama oyunlarının təqvimi:
14 yanvar: “Araz-Naxçıvan”
18 yanvar: “Baku Sportinq”