Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı gənc futbolçularının (U-20) reytinqini açıqlayıb.
Məlumata görə, “Barselona”nın və İspaniya millisinin ulduzu Lamin Yamal rəqiblərini böyük fərqlə qabaqlayaraq ardıcıl ikinci dəfə dünyanın ən yaxşı gənc oyunçusu seçilib. 18 yaşlı istedad 233 xal toplayaraq siyahıya liderlik edir.
Reytinqin ikinci pilləsində 90 xalla “PSJ”-nin yarımmüdafiəçisi Dezirye Due, üçüncü yerdə isə 50 xal toplayan “Çelsi”nin gənc transferi Estevao qərarlaşıb.
Dünyanın ən perspektivli futbolçularının yer aldığı siyahıda sonrakı yerləri bu adlar bölüşür: Arda Gülər (“Real Madrid”) – 30 xal, Pau Kubarsi (“Barselona”) – 19 xal, Kenan Yıldız (“Yuventus”) – 10 xal, Uorren Zair-Emeri (“PSJ”) – 7 xal, Franko Mastantuono (“River Pleyt”) – 5 xal
Xatırladaq ki, Lamin Yamal 2024-cü ildə də IFFHS tərəfindən bu mükafata layiq görülmüşdü. Onun bu uğuru gənc oyunçunun dünya futbolundakı mütləq dominatlığını bir daha təsdiq edir.