Braziliyalı yarımmüdafiəçi Du Keiroş “Sabah”a keçidinin səbəblərindən, “Zenit”də az oyun şansı qazanmasından və UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyin onun üçün əhəmiyyətindən danışıb. Futbolçu Bakı klubunda həm daha çox oynamaq, həm də beynəlxalq arenada tanınmaq imkanı əldə edəcəyinə inanır.
2023-cü ildə “Korintians”dan ayrıldıqdan sonra karyerası gözlədiyi kimi inkişaf etməyən Du Keiroş Rusiya futbolunda çıxış edib, daha sonra Braziliyaya qayıdaraq “Qremio”nun formasını geyinib. Hazırda isə karyerasının yeni mərhələsini Azərbaycanda keçirir. “Zenit”dən icarəyə götürülən yarımmüdafiəçi 2026/27 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Sabah”ın heyətində çıxış edir.
Braziliyalı futbolçu Braziliyanın Globo media qrupuna daxil olan “ge” nəşrinə müsahibəsində Bakı klubunun layihəsinin, xüsusən də Çempionlar Liqasında iştirak imkanının onun qərarına təsir etdiyini bildirib: “Şübhəsiz, klubun əsas məqsədi Çempionlar Liqasında oynamaq idi. ‘Zenit’də icarə əsasında çıxış etdiyim üçün çox oyun şansı qazanmırdım. Klubun layihəsi və Çempionlar Liqasının miqyası barədə danışanda bu, mənə çox maraqlı gəldi. Həm tanınmaq, həm də daha çox oynamaq baxımından bu fürsət cəlbedici idi. Üstəlik, klubun infrastrukturu da çox yaxşıdır. Bütün bunlar məni həvəsləndirdi”.
Du Keiroşun “Sabah”dakı macərası hələ sentyabrda başlayıb. O, komandaya qoşulduqdan cəmi bir həftə sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Mançester Yunayted”lə oyunun iştirak ərizəsinə daxil edilib və qarşılaşmanın son dəqiqələrində meydana çıxıb. Bakı klubu həmin matçda 0:4 hesabı ilə uduzsa da, bu təcrübə braziliyalı futbolçu üçün xüsusi əhəmiyyət daşıyıb.
“Klubda ilk həftəm idi və artıq ‘Mançester Yunayted’lə oyuna çıxırdıq. Bir çox kumirlərimin oynadığı stadionda, 80 mindən çox azarkeşin qarşısında meydana çıxmaq mənim üçün çox böyük hadisədir. Bu, olduqca xoş hissdir. Düşünürəm ki, klub üçün də belə turnirdə iştirak etmək çox vacibdir. ‘Sabah’ gənc klubdur. Çempionlar Liqası kimi turnirə vəsiqə qazanmaq özü çətindir. Burada sadəcə iştirak etmək yox, mübarizə aparmaq və xal qazanmağa çalışmaq da önəmlidir”, – deyə o bildirib.
Du Keiroşu təəccübləndirən təkcə Çempionlar Liqasında oynamaq imkanı olmayıb. Yarımmüdafiəçi “Sabah”ın infrastrukturunu və Bakının görünüşünü də yüksək qiymətləndirib. O, paytaxtın müasir memarlığı ilə tarixi məhəllələrinin vəhdətinə diqqət çəkərək şəhəri Dubayla müqayisə edib.
“Klubun infrastrukturu və şəhərin özü məni təəccübləndirdi. Bakı çox gözəl şəhərdir, hər şey yenidir, Dubaya bir qədər bənzəyir. Bununla yanaşı, tarixi hissəsi də var və o da çox gözəldir. Açığı, bir qədər təəccüblənmişdim”, – deyə braziliyalı futbolçu vurğulayıb.