Dünya futbolunun iki nəhəngi – son Kopa Amerika çempionu Argentina və Avropa taxtının sahibi İspaniya arasındakı “Finalissima” tipli qarşılaşma ciddi təhlükə altındadır. Martın 27-də Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan möhtəşəm duel bir neçə kritik səbəbdən sual altına düşüb.
“Radio Marca”nın jurnalisti Roberto Qomesin məlumatına görə, tərəflər oyunun keçiriləcəyi məkanla bağlı ortaq məxrəcə gələ bilmirlər. Argentina millisi İspaniya ilə Madriddə qarşılaşmaqdan imtina edir. “Furiya Roxa” isə öz növbəsində Messinin komandası ilə Buenos-Ayresdə oynamağa isti baxmır.
Əvvəlcə neytral meydan kimi nəzərdə tutulan Doha variantı da gündəmdən düşüb. İrandan gələ biləcək mümkün hücum təhdidləri oyunun Qətərdə keçirilməsini qeyri-mümkün edir.
Əgər tərəflər yaxın günlərdə kompromis əldə etməsələr, oyun qeyri-müəyyən müddətə təxirə salına və ya tamamilə ləğv edilə bilər.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yaranmış vəziyyətdən narahatdır və məsələnin tezliklə həllini tələb edir. DÇ-2026-ya hazırlıq planlarının pozulmasını istəməyən ispanlar, mart ayı üçün təcili olaraq alternativ rəqib axtarışına başlaya bilərlər.