Danimarka polisi “Benfika”nın vingeri Andreas Şelderupa qarşı cinayət işi açıb. Norveç yığmasının oyunçusu yetkinlik yaşına çatmayanların pornoqrafik videolarını yaymaqda ittiham olunur. Hadisə iki il əvvəl, Şelderupun Danimarka “Nordşelland”ının şərəfini qoruyarkən baş verib. İnsidentə onun dostuna göndərdiyi video yazı səbəb olub. Danimarka hakimiyyət orqanları Şelderupa qarşı cinayət məcəlləsinin 235-ci maddəsinin pozulması ilə bağlı iş açdıqlarını bildiriblər. Bu maddə 18 yaşdan kiçik şəxslərin iştirakı ilə cinsi əlaqə ilə bağlı açıq materialların yayılmasını qadağan edir. Danimarka qanunvericiliyinə görə, belə materialları ötürmək və ya hətta saxlamaq cinayət sayılır.
Dostlarından biri ona belə məzmunlu materialların yayılmasının qanuna zidd olduğunu bildirdikdən sonra futbolçu videonu silib. 2023-cü ildə hadisə baş verərkən “Nordşelland”da icarə əsasında çıxış edən Şelderup insidentlə bağlı sosial mediada paylaşım edib:
“Dürüst olmaq və iki il əvvəl etdiyim axmaq bir səhv haqqında danışmaq istəyirəm. Qısa bir videonu tam izləmədən və ya nə baş verdiyini anlamadan dostlarımdan birinə göndərdim. Polis bu ilin əvvəlində mənimlə əlaqə saxladı və rəsmi olaraq ittiham irəli sürdü. Məsuliyyəti tam üzərimə götürürəm və etdiyim işdən peşmanam. Heç nə yaymaq və ya əlaqəli şəxslərə zərər vermək niyyətim olmayıb. Sadəcə bu mənim axmaq səhv idi”. Flashscore-a görə, “Benfika”a rəhbərliyi qanad oyunçusunu dəstəkləyib və onun istintaqla əməkdaşlıq etdiyini bildirib.
Xatırladaq ki, cari mövsümdə Şelderup bütün yarışlarda 17 oyunda meydanda olub, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun “Benfika”yla müqaviləsi 2028-ci ilin yayında bitəcək və transfermarkt-də transfer dəyəri 15 milyon avrodur.